“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

  • Premyer Liqanın XV turunda “Sumqayıt”la matçın ilk hissəsini 0:2 hesabı ilə geridə tamamlasanız da, fasilədən sonra məğlubiyyətdən xilas olmağı bacardınız. Qazanılan 1 xal sizi tam qane etdimi?
  • Çempionatda qazanılan hər xal vacibdir. Son oyunları götürsək, “Qəbələ” ilə matçı çıxmaq şərtilə, məğlub olduğumuz görüşlərdə də xal qazanmağa layiq idik. Amma futboldur, hətta yaxşı oynadığın oyunlarda belə, hər zaman qalib gələ bilmirsən. “Sumqayıt”la matça gəlincə, birinci hissədə 2 qol buraxdıq. Lakin oyun baxımından üstünlük bizdə idi, qol epizodlarımız oldu. Təəssüf ki, birinci qolu standart vəziyyətdən sonra buraxdıq. Həmin an rəqibin cəmi iki futbolçusu cərimə meydançamızda idi və onlardan biri qol vurdu. Belə səhvləri aradan qaldırmalıyıq. Buraxdığımız ikinci qolda da bir an diqqətsizlik yaşandı. Səhvlər qaçılmazdır. Amma 0:2-dən sonra oyunu çevirmək asan deyil. Buna görə də 1 xala sevindik. 3 və 4-cü qolları da vura bilərdik. Eyni zamanda, rəqibin də son dəqiqələrdə yaxşı qol epizodları oldu. Açıq futbol getdi. Ümumən 0:2-dən sonra hesabı bərabərləşdirməyimiz yaxşı haldır.
  • İkinci hissədə meydana buraxdığınız Ayxan Quseynovla Otto Con “Turan Tovuz”un oyununu xeyli gücləndirdi və komandanın geridönüş etməsində böyük rol oynadı. Onların start heyətində yer almamasının səbəbi nə idi?
  • Biz heyətdə həmişə dəyişiklik edirik. Otto Con neçə oyun idi ki, əsas heyətdə meydana çıxırdı. “Qəbələ”yə məğlub olduğumuz görüşdə belə, komandamızın ən yaxşılarından idi. Taktiki gedişlər edirik. Belajdi Pusi də hazırda pis formada deyil. İkinci hissədə rəqibin müdafiə xətti yorulandan sonra daha gümrah futbolçulara ehtiyacımız olacaqdı. Məhz həmin anda Ayxanla Ottonun oyuna qoşulmasının faydalı olacağını düşündük. Bundan əlavə, legioner limiti var. Ayxan legioner statusu daşıyır. Şəhriyar Əliyevin olmaması, stopperlərimizin legioner olması bizi bir balaca başqa mövqelərə görə fikirləşməyə vadar edir. Amma Ayxan bizim hər oyun meydançada olan futbolçumuzdur, komandaya xeyri də dəyir.
  • “Turan Tovuz” cari mövsümdə qeyri-stabil çıxışı ilə diqqət çəkir. Bu, qeydə alınan nəticələrdə də özünü göstərir. Qeyri-stabilliyin səbəbi nədir?
  • Razıyam, qeyri-stabillik pis haldır. İlk növbədə, bunu düzəltmək istəyirik. Görürük ki, bu, təkcə bizdə yox, digər komandalarımızda da müşahidə olunur. Bu da çempionatımızın gərgin keçməsindən irəli gəlir. Komandalar bir-birinə çox yaxındır. Hər oyunda məğlub ola da bilərsən, heç-heçə edə də, qalib gələ də. Bir çox matçlarda oyun baxımından stabil olsaq da, nəticə baxımından stabillik göstərmirik. Yaxşı oyunu nəticəyə çevirmək lazımdır. Bəzi futbolçularımız komandaya yayda qoşulublar, bəlkə də çempionata adaptasiyaları çətin keçir. Qeyri-stabilliyə böyük səbəb tapa bilmirik. Futbolçularımız bir-iki oyunu çıxmaq şərtilə, matçlarda həqiqətən yaxşı mübarizə aparıblar. İnanıram ki, bu problemin öhdəsindən gələcəyik. Stabilliyimiz olandan sonra daha çox xal qazanacağıq.
  • Kubok matçı da daxil olmaqla, son 2 oyunda qapıda Kamal Bayramova şans verdiniz. Kamalı növbəti matçlarda da “çərçivə”də görə biləcəyik?
  • Hər 3 qapıçımıza inanırıq. Bunu mövsümün əvvəlində də qeyd etmişdim. Bilirdik ki, mövsüm uzundur, səhvlər buraxılacaq, daha yaxşı formada olanlar olacaq. Komandamızda yaxşı rəqabət var. Hər an hər birinə şans verə bilərik.
  • Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. İlk dövrədə Tovuzda “ağ-qaralar”a 0:1 hesabı ilə uduzmuşdunuz. Budəfəki matçda şansları necə dəyərləndirirsiniz?
  • Bəli, bizi “Neftçi” ilə oyun gözləyir. Rəqibimiz son turda “Zirə” üzərində qələbə qazandı. Bilirik ki, “Zirə” çempionatımızın ən yaxşı komandalarındandır. Bununla belə, “Neftçi” onları məğlub etdi. Rəqib evdə daha güclü oynayır. Matça yaxşı hazırlaşırıq. Bizə də xal lazımdır. Bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik.
  • Üç turdan sonra çempionatda fasilə yaranacaq. Qış fasiləsində heyətə yeni futbolçular cəlb etmək planınız varmı?
  • Son oyunlardan sonra rəhbərliklə danışacağıq, fikirləşəcəyik. Oyunları təhlil edib hansı mövqelərə futbolçu lazım olduğuna baxacağıq. Yeni futbolçulara ehtiyac olarsa, bu yöndə düşünəcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp