İki gündür telefonlarımız susmur. “Araz-Naxçıvan”la bağlı bir yazı narahatlığa səbəb olub və məsələyə reaksiya bildirmək istəyirlər. Biz bu şəraiti sivil qaydada davrananlara yaratdıq, niyyəti başqa olanlar isə “metodlarını dəyişmələri” üçün gözləməli olacaqlar.

Naxçıvanlıların baş məşqçisi Azər Bağırovun israrla bizimlə görüşmək istəməsi xahişi təbii ki, rədd edildi. Çünki sözügedən şəxslə ünsiyyət qurmaq, nəyisə müzakitə etmək zərurətinə ehtiyac duymadıq. Çoxsaylı dostlara müraciət, onların bizə müraciəti də eyni qaydada cavablandı. Narazılıq varsa, nəyinsə doğru olmadığı düşünülürsə, bunun üçün rəsmi açıqlama vermək lazımdır. Klubun mətbuat xidməti vasitəsi ilə təkzib, lazım olarsa, bəyanat tərəfimizdən qəbul ediləcək və saytda işıqlandırılacaqdı. Eyni zamanda kiminsə haqqı yeyilibsə, bunun üçün müvafiq qurumlara üz tutmaq lazımdır.

Yazdıqlarımızın fərqindəyik və bütün etik qaydalar gözlənilib. Heç kimi ittiham etməmişik, sadəcə, şübhələr olduğunu çatdırmışıq və diqqət edilməsinin vacibliyini vurğulamışıq. Bunun üçün kiminləsə şəxsi görüşə ehtiyac yoxdur, sivil qaydada, klubun mətbuat xidməti vasitəsi ilə anlaşılmazlıq aradan qaldırıla bilər. Bağırov açıqlama vermək istəsə, onun sözlərinə sevə-sevə saytımızda yer verərik, amma çay süfrəsi, “qardaş söhbəti” təklifləri bir az qıcıqverici, eyni zamanda şübhəli nüanslardır. PRO kateqoriyalı məşqçi mətbuatla davranış qaydalarını xüsusilə yaxşı bilməlidir, bununla bağlı imtahan veriblər.

Yazıda adı çəkilən şəxslərdən biri də komandanın müdafiəçisi Turan Manafovdur. Bu şəxs barədə sözügedən yazıda bu qeydləri yazmışıq: “Vaxtilə gənclər yığmasında oynayarkən oxşar səbəbdən AFFA-da daxili araşdırmaya cəlb edilən Turan Manafov və başqalarının bəzi matçlarda bilərəkdən zəif oynadığı iddiaları var”.

Bu, faktdır, vaxtilə Fransa qarşısındakı darmadağına görə Turan da şübhəlilər sırasında olub. Aşağıda Manafovun açıqlamasında etirafı öz dilindən oxuyacaqsız. Biz müdafiəçinin oyun satdığını yazmamışıq, şübhə üzündən araşdırmaya cəlb olunduğunu qeyd etmişik və özü təsdiq cavabı ilə məsələyə nöqtə qoyub.

Yazıdan başqa bir sitat: “Kimisə konkret nədəsə ittiham etmirik, ancaq şübhələrin olduğunu, bu adamlara, kluba daha diqqətl davranılması gərəkdiyini düşünürük. Mətbuatın işi şübhələri, xəbərləri ictimailəşdirmək, ehtimalları diqqətə çatdırmaqdır. Ən azı araşdırmağa, maraqlanmağa dəyər”.

Şərəfdən, ləyaqətdən dəm vuran, bu barədə saytda yazılmasını məsləhət bilmədiyimiz fikirlərlə Manafov növbəti şübhəyə əsas verir. Biz onu ttiham etməmişik, o isə “Futbolinfo”ya açıqlamasında təhqirə yol verib. Lazım bilsək, biz onu məhkəməyə verərik, amma əsəbi olmasına bağışlayırıq. Yazını diqqətlə oxusa, onun açıqlamasında özünün etiraf etdiklərindən başqa bir şey olmadığını görər. Əsib coşmaqdansa, asıb kəsməkdənsə, Fransa ilə oyunda başverənlərin necə ört-basdır edilməsi ilə bağlı bilinənləri yadında saxlaması kifayətdir.

Turanın açıqlamasını dərc etməklə bu mövzuya nöqtə qoyur, növbəti həftələrdə eyni şübhələrə gərək olmayacağını düşünürük: “Bizim komandada heç kim oyun satmır. Mən özüm də daxil olmaqla hamımız əlimizdən gələni edirik ki, yuxarı pillələrdə olaq. Hər uduzduğumuz oyundan sonra necə əsəbləşdiyimi ailəm, yaxınlarım, dostlarım yaxşı bilir. Yazılanlar həqiqətə uyğun deyil. Yığmanın oyunlarında da belə olub, həmişə 90 dəqiqə əziyyət çəkmişik, ən yaxşı nəticəyə çalışmışıq. Düzdür, son turlarda “Kəpəz” və “Səbail”lə oyunlarda uğursuz olmuşuq. Bunun səbəbi çox üstün olduğumuz həmin oyunlarda qol epizodlarından istifadə edə bilməməyimizdir. Hər xal itirən komandanın oyun satdığını demək olmaz. Büdcəsi bizdən çox olan, amma bizdən aşağı pillələrdə olan komandalar da var. “Neftçi”, “Qarabağ” bu mövsüm çox xallar itirib. Bu, onların oyun satması deməkdirmi? U-21-in oyunlarına gəlincə, bəli, şübhələr var idi, hamını çağırmışdılar, soruşulub, məsələ bitib. Elə bir işdə rolum olsaydı, əsas milliyə çağırmazdılar. Kimlər ki, edib onlar hazırda futboldan uzaqdadır. Mən həm yığmada, həm də çıxış etdiyim klublarda bacarığımı göstərmək üçün hər şey etmişəm. Cari mövsümdə 15 turda komandam üçün əlimdən gələni artıqlaması ilə etmişəm, iki qol vurmuşam”.

AĞA

36953186521c511b96e9 - Futbolinfo.az
Shares: