“Araz-Naxçıvan” Vadim Abdullayev və Tural Bayramlı ilə bağlı qərar verməyib. Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov “Futbolinfo”ya açıqlamasında deyib.
Bu gün saytımızda hər iki oyunçunun qışda heyətdən kənarlaşdırılacağını yazmışıq. Məmmədov isə xəbəri təkzib etmir, amma hələlik belə planın olmadığını söyləyib: “Qış fasiləsi zamanı klubdan göndəriləcək və transfer olunacaq futbolçularla bağlı heç bir qərar verilməyib. Saytınızda Vadim Abdullayevlə Tural Bayramlının yola salınacağı yazılıb. Ancaq hər iki futbolçu ilə mövsümün sonuna qədər anlaşma var və onlar klubumuzun üzvüdürlər. Hazırda Vadim və Turanın klubdan göndəriləcəyinə dair qərar verilməyib”.
Məsələ ilə bağlı futbolçularla da əlaqə saxladıq və yalnız Vadimi tapdıq. Abdullayev ona klubdan heç nə deyilmədiyini bildirdi və bu mövzuda əlavə açıqlamaya ehtiyac duymadı.