“Sabah” klubunun braziliyalı yarımmüdafiəçisi Kristian da Silvanın futbolinfo.az saytına müsahibəsi

  • “Kəpəz”lə ilk dövrədəki oyunda qələbə qazana bilməmişdiniz. XV tur çərçivəsində keçirilən matçda isə 2:0 hesablı qalibiyyətə sevindiniz. Budəfəki görüşdə də xal itkisi ilə üzləşmək qorxunuz var idi?
  • Çətin oyun olacağını bilirdik. Düzü, gözlədiyimiz kimi də oldu. Rəqib yaxşı komandadır. Lakin biz çox istəkli idik. Oyuna yaxşı başladıq və erkən qollar vurduq. Sona kimi də hesabdakı üstünlüyümüzü qoruyub saxladıq. Bizim üçün mühüm qələbə idi. Artıq bu matçı unudub irəlidəki görüşlərimizə köklənmişik.
  • Tovuzda süni örtükdə oynamaq yəqin ki, sizə çətinlik yaratdı…
  • Süni ot örtüyündə oynamaq çox fərqlidir. Bunun özünəməxsus çətinlikləri var. Qələbə üçün hamı birlikdə mübarizə apardı. Matçda erkən qol vurmağımız da qalibiyyətdə mühüm rol oynadı.
  • Komandanızın cari mövsümdəki qeyri-stabil çıxışının səbəbini nədə görürsünüz?
  • Mövsümə yaxşı başlamadıq. Çoxlu xallar itirdik. Bir çox oyunda üstün olsaq da, sonda qalib gələ bilmədik. Həmin matçlardan qələbə ilə ayrılsaydıq, indi üst sıralarda qərarlaşmışdıq. Bizi qarşıda bir çox oyun gözləyir. Fikrimcə, yuxarı pillələrdə qərarlaşmağa potensialımız çatır.
  • Bazar günü sizi “Səbail”lə çətin görüş gözləyir. Bu oyunda qələbə qazanmaq şansınız nə qədərdir?
  • Həqiqətən, çətin qarşılaşma olacaq. Rəqib turnir cədvəlində yüksək pillələrdə qərarlaşıb. Lakin biz bu oyuna ancaq 3 xal qazanmaq üçün çıxacağıq. Bu matça hazırlıq prosesini ən yüksək səviyyədə keçiririk. Məşqlərdə də, oyunda da ən yaxşısını ortaya qoymalı, matçdan 3 xalla ayrılmalıyıq.
  • Qış fasiləsinə qədər turnir cədvəlində neçənci yerə qalxmağı hədəfləmisiniz?
  • Hər oyunun özünəməxsus çətinliyi var. Matçlardan müsbət nəticə ilə ayrılmaq üçün hər görüşdə, hər məşqdə maksimum səy göstərməliyik. Bizim əsas məqsədimiz hər oyundan 3 xalla ayrılmaqdır. Qış fasiləsini neçənci pillədə bitirəcəyimiz barədə düşünmürük. Hazırda yalnız qarşıdakı matçlara köklənmişik.
  • Murad Musayevi bir məşqçi kimi necə xarakterizə edərdiniz? Onda ən çox bəyəndiyiniz xüsusiyyət hansıdır?
  • Murad Musayev futbolçulara özünəinam hissini aşılamağı bacarır. Komandada hər kəs onu sevir və hörmətlə yanaşır. O, bizdən gözəl futbol sərgiləməyimizi tələb edir ki, bu da hər bir futbolçunun ürəyincədir. Musayevin rəhbərliyi altında oynamaq xoşdur.
  • Cari mövsümdə Azərbaycan çempionatında rəqabətin artması fikri ilə razısınız? Premyer Liqamızın səviyyəsi sizi tam qane edirmi?
  • Azərbaycan çempionatı çox çətin yarışdır. Lakin bu il bir az da çətinləşməsi fikri ilə razıyam. Bu, ümumi inkişaf baxımından çox faydalıdır.
  • FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp