“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları II Fəxri Xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Futbolinfo.az xəbər verir ki, ziyarətdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

M.Məmmədov Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərin hər zaman qürurla xatırlandığını bildirib: “Hər bir azərbaycanlı Vüqar Həşimovla fəxr etməlidir. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov komanda yoldaşı olmuş Vüqar Həşimovun adını yaşadan Şahmat Akademiyasında təhsil alanların gələcəkdə bu turnirin iştirakçısına çevriləcəklərini vurğulayıb.

İsrail şahmatçı Boris Qelfand Vüqar Həşimovun dünya şahmatında özünəməxsus yeri olması ilə yanaşı, Azərbaycandan gələn təklifi məmnunluqla qəbul etdiyini deyib.

Qeyd edək ki, 9-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı Qəbələdə baş tutacaq. Yarışın açılış mərasimi dekabrın 8-də, saat 13:00-da Heydər Əliyev Konqres Mərkəzində olacaq.

Shares: