“Everest 2024” beynəlxalq şahmat turniri gələn ilin yazında Everest zirvəsində keçiriləcək. Bu barədə Rusiya Şahmat Federasiyasının mətbuat xidməti xəbər verib.
12 turdan ibarət müsabiqənin birinci mərhələsi İsveçrə sistemi üzrə Nepal tərəfdəki Everest baza düşərgəsində keçiriləcək. İkinci mərhələ yalnız Everestə dırmaşmağa icazəsi olan alpinistlər üçün təşkil ediləcək. Birinci mərhələnin ən yaxşı iştirakçıları arasından səkkiz nəfər seçiləcək. İkinci mərhələ (1/4 final, yarımfinal və final) oksigen avadanlığından istifadə edilməklə keçiriləcək. Üç oyundan ibarət final 8000 metr yüksəklikdə baş tutacaq.
Tədbirin Rusiya və Nepalın rekordlar kitabına , həmçinin “Ginnesin rekordlar kitabı”na daxil edilməsi planlaşdırılır. Yarışın ümumi mükafat fondu 150 min ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, dəniz səviyyəsindən 8848 metr hündürlükdə yerləşən Everest dünyanın ən yüksək nöqtəsidir.