Basketbol üzrə Avroliqa turnirində 12-ci tura yekun vurulub. Bir gün əvvəl Türkiyəni təmsil edən “Anadolu Efes” komandası son saniyələrdə qələbə qazandığı halda, digər İstanbul klubu “Fənərbağça” bənzər ssenari ilə məğlub olub. Səfərdə “Baskoniya”ya qarşı oyunun ilk periodunda əldə etdikləri üstünlüyü, Türkiyə komandası 2-ci periodda əldən verib. Matçın ikinci yarısı başabaş mübazriə şəraitində keçib. Sonda daha dəqiq olan basklar qalib gəlməyi bacarıblar. 80:79.

Bu məğlubiyyətdən sonra “Fənərbağça” turnir cədvəlində 10-ci pilləyə yuvarlanıb. Komanda keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Avroliqanın növbəti turundə İstanbul klubu sabah “Barselona”nın qonağı olacaq. Hazırda müntəzəm çempionatda 7 komandanın xalı eynidir. “Fənərbağça” kimi “Anadolu Efes”in də aktivində 6 qələbə var. Lakin onlar əlavə göstəricilərə görə 13-cü pillədə qərarlaşıblar. Turnir cədvəlinə isə Madrid “Real”ı başçılıq edir. Əzəli rəqib olan “Barselona” madridlilərdən 2 qələbə geri qalır.

Shares: