Madridin “Real” klubu 17 yaşlı braziliyalı futbolçu Endriki ölkəsində çempion olması münasibətilə təbrik edib. Futbolçu dünən “Palmeyras”ın heyətində çempionluğu rəsmiləşdirib.
“Ardıcıl ikinci il çempion olma münasibətilə səni təbrik edirik. Son turda vurduğun qol çempionluqda böyük rol oynayıb. Səninlə fəxr edirik”, – deyə Madrid “Real”ı sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, son turda 1:1 başa çatmış oyunda komandasının yeganə qolunu Endrik vurub. Bu heç-heçə “Palmeyras”ın çempionluğu təmin etməsinə kifayət edib.
Endrik mövsümü 11 qolla başa vurub. Onlardan 6-na forvard son 8 oyunda imza atıb. Endrik Braziliya futbolu tarixində bu qədər qol vurmuş ikinci 17 yaşlı futbolçu olub.
Endrik “Real”la bir müddət öncə müqavilə bağlayıb. O, gələn ildən madridlilərin formasını geyə biləcək.