“Zirə”nin kapitanı Qismət Alıyevin futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 15-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub oldunuz. Komanda həmin yenilgidən sonra toparlana bilib?
– Əslində, “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Qarşılaşma da tam bizim nəzarətimizdə idi. Kifayət qədər yüz faizlik qol imkanlarımız oldu. Sadəcə, sonluğu gətirə bilmirdik. “Neftçi”, demək olar ki, bir təhlükəli hücum etdi, onda da qol vurdu. Təəssüf ki, bu cür oyunla məğlub olduq. Buna baxmayaraq, hər şey hələ irəlidədir. Hazırda “Araz-Naxçıvan”la matça hazırlaşırıq. “Neftçi” ilə görüşü unutmuşuq, bütün diqqətimiz sabahkı oyunadır.
– Dediniz ki, “Neftçi” önündə dominant futbol sərgilədiniz. Uğurlu nəticə qazanmaq üçün nə çatmadı?
– Hətta bir epizodda top qapıya gedirdi, dirəkdən döndü. Yəni 2 metrlik məsafədən “çərçivə”yə düşə bilmirdik. Bir sözlə, bəxtimiz gətirmədi. Başqa oyunlarda bu cür şanslar ələ düşəndə normal şəkildə istifadə edə bilirik. “Neftçi” önündə bu imkanları dəyərləndirə bilməməyimiz ustalıqla əlaqəli də deyildi.
– Ancaq ikinci hissədə rəqib sanki daha yaxşı görünürdü…
– Düşünmürəm ki, ikinci hissədə “Neftçi” üstün çıxış etdi, oyunda nəsə böyük dəyişiklik oldu. İkinci yarıda da 3-4 yüz faizlik qol vəziyyətləri yaratdıq. Birinci hissəyə olduğu kimi, ikinci hissəyə də yaxşı başlamışdıq. Şanslardan birini qola çevirsəydik, oyun tam başqa məcrada keçərdi. Buraxdığımız cüzi səhvdən isə rəqib yaxşı yararlandı. Qol epizodundan başqa qapımız qarşısında başqa təhlükəli hücumları olmadı. Yəni rəqibin hansısa məqamda üstünlüyünü hiss etmədim.
– Buna qədər sonuncu dəfə 8-ci turda məğlubiyyət üzü görmüşdünüz. 6 oyunluq uğurlu seriyanın qırılması komandanıza pis təsir etməz?
– Biz hər oyuna xallar qazanmaq, qalibiyyət əldə etmək üçün çıxırıq. Seriya yaxalamaq və onun ardınca getmək barədə fikirləşmirik. Turnir cədvəlində bizdən aşağıda olan komandaların da xalları az deyil. Çempionatda qazanılan hər xal qızıla bərabərdir. Bütün matçlara da eyni formada yanaşırıq.
– Lider “Qarabağ”la aranızdakı xal fərqi 4-ə yüksəldi. Özünüzə rəqib kimi Ağdam təmsilçisini görürsünüz, yoxsa digərlərini?
– Bu barədə danışmaq üçün indi çox tezdir. Mövsümün ilk yarısı başa çatmaq üzrədir. “Qarabağ”ın hansı səviyyəyə, necə ustalığa malik olduğunu bilirik. Onların hansısa nəticəsi bizim üçün vacib deyil. İndi yalnız xallarımızın sayını artırmaq barədə düşünürük.
– Qış fasiləsinə ən azı ikinci pillədə girmək mövsümün ikinci yarısına hazırlıq baxımından nə dərəcədə vacibdir?
– Birinci yarının sonuna üç oyun qalıb. Motivasiya baxımından əlbəttə ki, mövqeyimizi möhkəmlətmək çox yaxşı olar. Məqsədimiz də qarşıdakı üç görüşdə maksimum xal toplamaqdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalardan mümkün qədər çox uzaqlaşmağa çalışacağıq. İkinci yarıya isə necə başlamağımızdan asılı olacaq.
FƏRİD