Rumıniyanın ÇFR klubunun baş məşqçisi Andrea Mandorlini “Neftçi”dəki həmkarı Adrian Mutunun onu əvəz edəcəyi ilə yayılan xəbərlərə münasibət bildirib.

Futbolinfo.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 63 yaşlı italiyalı mütəxəssis özündən 19 yaş kiçik olan rumıniyalı ilə müqayisə edilməsini düzgün hesab etmir.

Mandorlini vəzifəsini tərk etməkdən qorxmadığını söyləyib: “Məşqçi kimi texniki zonada 30 ilim geridə qalıb. Mutu isə bu sahədə işə yeni başlayıb. Müqayisə edə bilmərik. Gələcək taleyimin nəticələrdən asılı olduğumu bilsəm də, özümü təhlükədə hiss etmirəm”.

Qeyd edək ki, Rumıniya mətbuatı qış fasiləsində Mutunun ÇFR-in “sükanı arxasına” keçəcəyini iddia edir. Klub rəhbərliyi Mandorliniyə ilin sonuna qədər vaxt verib. Komanda bu ay keçirəcəyi 4 görüşün hamısında qələbə qazana bilməsə, çalışdırıcı ilə yollar ayrıla bilər.

Shares: