Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfəri zamanı, həmin ölkədə çalışan Ergin Atamanla da görüşüb. Onların görüşü Türkiyə səfirliyində baş tutub.

Bu görüşdən sonra bir mətbuat orqanı Atamanın prezidentlə görüşdə, Yunanıstana gəlməyində məqsədinin “Fənərbağça”nı məğlub etmək istəyi olduğunu söylədiyini yazıb.

“Bir məsələni aydınlaşdırmaq istəyirəm. Bu, mənim üçün çox vacibdir. Bildiyiniz kimi, Yunanıstana səfərdə olan prezidentimiz Ərdoğanla görüşmüşəm. Bunun üçün Türkiyə səfirliyinə getmişdim. Görüşümüz 30 dəqiqə çəkdi.

Kimsə Yunanıstanda yalan xəbər yayıb. Guya cənab prezident məndən “Panatinaikos”a keçidimin səbəbini soruşub. Mən də “Fənərbağça”nı məğlub etmək üçün”, cavabını vermişəm. Bu, ağ yalandır.

Biz yunan və türk xalqları arasındakı dostluqdan danışmışıq. Ağzımdan bir dəfə də olsun “Fənərbağça” kəlməsi çıxmayıb. Onları məhkəməyə verəcəyəm. Bu mənim üçün çox vacib məsələdir”, – deyə türkiyəli mütəxəssis qeyd edib.

Shares: