“Kəpəz”in futbolçusu İqor Rodriqes klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı qapıçı Gəncə barədə müsbət fikirlər səsləndirib: “Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar da qonaqpərvərdirlər. Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm”.
28 yaşlı qolkiper oktyabrda qoşulduğu “Kəpəz”ə uyğunlaşma mərhələsində olduğunu bildirib: “Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır. Kollektivə yavaş-yavaş uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.
Rodriqes digər kollektiv idman növlərinə də maraq göstərdiyini vurğulayıb: “İdmanı çox sevirəm. Təkcə futbolla maraqlanmıram. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.
Rodriqes bu mövsüm Premyer Liqada 4 oyun keçirib.