“Qarabağ” sürəti artırır. Avrokubokda əsas vəzifənin öhdəsindən gələn ağdamlılar indi də Misli Premyer Liqasında gücünü göstərir.

Qış fasiləsi ərəfəsində əsas rəqiblərlə oyunlar öncəsi “atlılar” fərqi artırmağa çalışır. Bu səbəbdən turun açılış oyununda növbəti oyunların məşqini etdilər. Komandanı “Hakken”lə matça hazır saymaq olar. Daha sonra “Zirə” və “Neftçi” ilə qarşılaşmalar da “Qarabağ” üçün asan keçməlidir. Ağdamlılar qış fasiləsinə xal fərqi ilə öndə getsə, çətin ki, çempionluq yolunda rəqiblərinin şansı olsun.

Düzdür, “Sumqayıt”la oyunu ölçü saymaq olmaz. “Kimyaçılar” təsadüfi yüksəlişdən sonra enişə keçib. 6:1 əsl səviyyə fərqinin göstəricisidir. “Qarabağ” bu rəqibi təkayaqla keçdi, rəqibin hətta müqavimət göstərmək potensialı yox idi. Ağdamlılar əsas heyətlə oynayanda və tempi qaldıranda “Sumqayıt”ın müqavimət göstərə bilməyəcəyi aydınlaşdı. Bu, çempionatımızın əksər komandaları üçün keçərlidir. Zatən avrokuboklardakı uğursuzluğun səbəbi də bu məqamda gizlənir.

“Qarabağ” güzəşt etməsə, qitə yarışlarını düşünməsə, 3 dövrə bitməmiş çempionluğu təmin edər. Bu gün ölkədə ağdamlılarla ayaqlaşacaq komanda yoxdur. “Bayer”in təmsilçimizi darmadağın etməsini yada salanda isə “Sumqayıt”ın və digərlərinin Avropa futbolu ilə nə qədər tərs qütblərdə məskunlaşdığını görürük.

“Qarabağ” 16 tura “Sumqayıt”dan 12 xal öndədi. Qışa kimi bu fərq digər izləyicilərlə də yarana bilər. Ondan sonra isə ağdamlılar çempionluğa yürüyərkən, Premyer Liqanın bərabər güclü qalan təmsilçiləri bir-birini büdrədəcək. Və yayda avrokuboklara vəsiqə qazananlar rəqibləri qarşısında dünən “Sumqayıt”ın olduğu durumda görünəcək.

Səviyyəni qaldırmaq üçün klublar böyüməlidir. Hər transfer dövründə heyət dəyişməklə yalnız ölkədaxili və müvəqqəti uğura nail olmaq olar. Bu, təkcə “Sumqayıt”a aid deyil. Bizə “Qarabağ” səviyyəsində bir neçə komanda lazımdır ki, onların rəqabətində daha da böyümək mümkün olsun.

FƏRİD

Shares: