MBA-da bu gecə keçirilən oyunlar arasında son çempion “Denver Naggets”in ardıcıl 3-cü oyunda məğlubiyyəti qeyd edilməlidir. Doğma arenada Nikola Yokiçin komandası “Hyuston Rokets”ə məğlub olub. Dabl-dabl edən türkiyəli basketbolçu Alperen Şengün görüşdə 17 xal toplayıb.

Oyuna yaxşı başlayan meydan sahibləri 7 xallıq üstünlük əldə ediblər. Lakin çox keçmədən artıq 9 xal geridə olublar. Həlledici məqam 3-cü periodda olub. Qonaqlar həmin periodda üstünlüklərini 18 xala çatdırıblar. “Naggets” nə qədər çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib. Serbiyalı Nikola Yokiç oyunu 23 xal və 16 ribaundla tamamlayıb.

Digər oyunlar arasında “Boston Seltiks”in “Nyu-York Niks” üzərində qələbəsini qeyd etmək olar. Teytum – Braun cütlüyü görüşü 42 xalla başa vurub. “Oklahoma-Siti Tander” isə overtaymda “Qolden Steyt Vorriors”dan üstün olub.

Shares: