“Sabah” və “Neftçi” özünə gəldi, turnir cədvəlinin şəkli dəyişdi. Artıq mövsümün əvvəlində sürpriz nəticələrlə liderlər qrupunadək irəliləyən komandalar yavaş-yavaş layiq olduqları yerə yuvarlanır, büdcəsnə görə favorit olanlar yuxarı qalxır.
Bu mənada xüsusilə “Neftçi”nin sıçrayışı qeyd edilməlidir. Özündən öncəki komandalardan 4-nün bu tur xal itirməsi bakılılara üç komandanı ötüb “Zirə”yə yaxınlaşmağa imkan verdi. “Sabah” isə ötən mövsümkü komandaya oxşamağa başlayıb və qışa kimi daha da irəliləməsi xeyli realdır.
Amma iş ondadır ki, “Sabah” həqiqətən yaxşı futbolla xal ehtiyatını artırırsa, “Neftçi” həm də bəxt sayəsində irəliləyir. Mövsüm ərzində ilk dəfə ardıcıl iki qələbə qazanan komanda “Turan Tovuz”la görüşdə əcəl təri tökdü. İki dəfə hesabı açdıqdan qısa müddət sonra məyus olan komanda qələbəni qopara bildi. Bununla belə, əminliklə qonaqların daha yaxşı futbol oynadığını demək olar.
Tovuzlular matç boyunca özünü qolu daha çox arzulayan komanda kimi göstərdi. Ardıcıl hücumlar, yaradılan epizodlar heç də autsayderlər qrupuna yaxınlaşan kollektivin futbolu deyildi. Lakin hər dəfə “Neftçi” önə keçdi və matçın nəticəsini məhz futbolçuların ustalıq səviyyəsi arasındakı fərq həll etdi. Yerli oyunçu potensialı zəif olan qərblilər rotasiyalarla aradakı fərqi qapada bilmədi və təslim oldular.
Qaliblər mühakimə olunmur. “Neftçi” həm oyunda, həm də ümumiyyətlə, mövsümün gedişində fürsətləri yaxşı dəyərləndirir. Lider “Qarabağ” çox uzaqlaşsa da, bakılılar ən azı 2-ci yer uğrunda mübarizə aparacağını göstərir. Qışa kimi tempi qoruya bilsələr, Mutu fasilə zamanı qovulmaq təhlükəsindən qurtulacaq.
“Turan Tovuz”un enişi isə davam edir. Komanda son 5 turda yalnız 1 xal qazanıb və gedişatı dəyişmək mümkün olmasa, autsayderlər qrupunda vəziyyət dəyişəcək. Müdafiə futbolu oynamaqda ittiham edilən qərblilərin statistikası isə fərqli mətləblərdən xəbər verir. Ayxan Abbasovun yetirmələri vurulan qolların sayına görə yalnız “Qarabağ”dan geri qalır və təkcə “Qəbələ”dən az top buraxıblar. Deməli, problem başqadır, komanda fərdi səhvlərdən, qapıçıların üzündən buraxdıqları qollara çarə tapmalıdır.
Enişə keçən daha bir komanda “Səbail”dir. Mövsümün əvvəlində rəqiblərin qiymətləndirməməsi nəticəsində qələbələri sıralayan komanda indi həm qola həsrətdi, həm də oyun yoxdur. “Sabah” dünən rəqibinə futbol dərsi keçib asanlıqla 4 qol vurdu. Meydan sahiblərinin yayda aldığı hazır olmayan futbolçular formaya düşdükcə “bayquşlar”ın bəlli oyun tərzi yenidən canlanır. Murad Musayevin bəlli bir sistemi var və ifaçılar ona alışdıqca həm oyun, həm nəticələr yaxşılaşır.
“Səbail”də isə durum fərqlidir. Heyətdəki ciddi itkilər layiqli əvəzedicilərin olmaması üzündən fəsadını göstərir. Komanda hər tur bir az daha geriləyir və qışa kimi ilk “beşliy”i tərk etməs realdır. O zaman Şahin Diniyevin 6-cı yer uğrunda mübarizə aparacaqlarını deməsinin təsadüf olmadığını görəcəyik. Halbuki büdcəyə görə komanda daha yaxşı yerlərə layiqdir.
Hazırda 5 komanda turnir cədvəlinin ortalarında ləngər vurur. Qışa kimi 22-25 xala malik bu komandaların yerdəyişmələrini izləyəcəyik. “Zirə”nin onlara qoşulacağını, yoxsa “Qarabağ”a qoşulub uzaqlaşacağını zaman göstərəcək. Elə autsayderlər qrupunda olan 3 bölgə təmsilçisinin mübarizəsi də maraq doğurur.
FƏRİD