Misli Premyer Liqasının 16-cı turunda komandalar ümumilikdə 19 qola imza atdı. “Zirə” – “Araz-Naxçıvan” görüşü 0:0 hesabı ilə yekunlaşdı, “Qəbələ” və “Səbail” də rəqib torunu silkələyə bilmədi.
Beləliklə, 19 qol 6 komandanın aktivinə yazıldı, onun da təxminən 1/3-ni “Qarabağ” vurdu. Ağdamlılar Sumqayıt səfərində 6 dəfə fərqləndi.
Turun maraqlı, eyni zamanda acınacaqlı mənzərəsi isə mövsümün ən məhsuldar ikinci həftəsində yerli futbolçuların susqunluğudur. Belə ki, 19 qoldan yalnız birinə yerli futbolçu, digərinə milliləşən xorvat imza atıb. Onların hər ikisi (Rəhman Hacıyev və Filip Ozobiç) “Neftçi”nin üzvləridir. Sumqayıtda 7, Masazırda 4, Qəbələdə 3 qolun hamısını cənbilər vurub. Turun bağlanış matçındakı 5 qoldan üçü də legionerlərin hesabındadır.