Ehtiram Quliyevin bir müsahibəsi başına bəla oldu. “Turan Tovuz”un rəhbərinin səmimi açıqlamaları, doğruları dilə gətirməsi, Qərb şəhərində AFFA-nın əməllərini ifşa etməsi, düzgün işləməklə bağlı planlarını bölüşməsi klubunun hədəfə gəlməsi üçün kifayət etdi.

Təsadüfi deyil, həmin gündən bu yana hakimlər tovuzlulara qarşı amansızdır. İllərdir real rəqib gördüyü futbol adamlarını məhv etmək üçün bütün arsenalını xərcləməkdən çəkinməyən Rövnəq Abdullayev, deyəsən, yenə eyni ampluadadır. “Turan Tovuz” hakimlərin əli ilə diz çökdürülür, Quliyevin nüfuzdan salınması üçün bütün vasitələrə əl atılır.

Həftələrdir qərblilərin başına corab hörən AFFA dünən yenə eyni əməlindən çəkinmədi. Ən pisi odur ki, ölkənin ən hörmətli hakimi olan FIFA referisi Əliyar Ağayev də bu kampaniyada rol ifaçısıdır. O, “Neftçi” ilə matçda niyyətini ortaya qoydu.

Bəri başdan qeyd edək ki, bu məsələdə “Neftçi”nin hansısa günahı yoxdur. Hədəfdə Ehtiram bəydir və “Turan Tovuz”a qarşı oynayan bütün komandalar hakimlərin simpatiyasını hiss edir. Əvvəlki turlarda bununla bağlı qeydlərimiz olub, dünənlə bağlı da diqqətçəkən məqamlar var.

Xırda follar, künc zərbəsi, aut və s. epizodlarda hakimlərin bütün mübahisəli qərarları “Turan Tovuz”un əleyhinə verməsi aşkar görünürdü. Amma Ağayevin iki səhvinin üzərində xüsusi dayanmaq lazımdır.

Birinci epizod ilk hissədə reallaşdı. Qonaqların futbolçusu mübarizə zamanı yerdə qaldı. Başa endirilən zərbəyə görə oyun dərhal dayandırılmalıdır. Amma Ağayev “Neftçi”nin hücumuna şərait yaratdı. Top itirilən və “Turan Tovuz”un sürətli, eyni zamanda təhlükəli əks-hücumu başlayan kimi Ağayevin fiti eşidildi. Guya zədəli futbolçuya görə belə addım atdı…

İkinci epizod isə birbaşa nəticəyə təsir etdi. “Neftçi”nin qələbə qolunu vurduğu dəqiqədə Aaron Olenare ofsaydda idi və hücumçu bundan o qədər əmin idi ki, qola sevinmədi. Yan xətt hakiminin bayrağı da təsadüfən qalxmamışdı. Amma VAR-da əyləşən Rauf Cabarov Əliyar Ağayevlə işbirliyi nətcəsində qolu qeydə aldı. Top hətta rəqib futbolçuya toxunsa da, zərbə zamanı Olenare aşkar şəkildə öndə idi. Deyək ki, hakimlər bu epizoda hansısa şəkildə haqq qazandırdı, lakin hücumun ilk fazasını unutmamalı idilər. Hücum “Turan Tovuz” futbolçusuna qarşı aşkar kobudluqdan sonra başlamışdı, VAR-a müraciət edildiyindən, həmin an da incələnməliydi. Hakimlər isə hətta “Neftçi”nin də gözləmədiyi qolu qeydə aldı.

Bütün bunlar birbaşa Ehtiram Quliyevə qarşı qərəzin nəticəsidir. Futbola təmiz niyyətlə yatırım edən, həqiqətən yaxşı işlər görmək istəyən iş adamını bezdirmək, ruhdan salmaq üçün göz görə-görə oyunlar oynanılır. İllərlə sponsorları küsdürən, iş adamlarını öz monopoliyalarına yaxın gəlməyə qoymayan AFFA rəhbərliyi onların fəaliyyətsizliyini ifşa edən Ehtiram bəyi meydanda nüfuzdan salmağa çalışır.

Azərbaycan futbolu məhz buna görə bataqlıq içindədir. Bu funksionerlər təmizlənməyənə kimi belə də davam edəcək.

ABBAS

P.S.: Ehtiram Quliyevin məlum müsahibəsindən sonra Tovuzda tikilən futbol akademiyasında işlərin dayandırılması, ayyarımdır yaradılan süni əngəllər də təsadüf ola bilməz.

Shares: