İspaniyanın “Jirona” klubunun baş məşqçisi Miçel komandasının “Barselona” ilə oyunda qazandığı qələbəni şərh edib. O, səfərdə əldə edilən 4:2 hesablı uğuru xoşbəxtlik üçün səbəb sayır.

Futbolinfo.az xəbər verir ki, yenidən zirvəyə qalxan komandanın məşqçisi deyib: “Biz xoşbəxtik. Bu, möhtəşəm “Barselona”dır. İlk hissə onların üstünlüyü ilə keçdi. Lakin fasilədən sonra topa yaxşı nəzarət etdik. Onların da, bizim də şanslarımız oldu, amma biz daha dəqiq idik. Oyunun tempi çox yüksək idi, bizim üçün çətin oldu. Amma əhval-ruhiyyəmiz çox yaxşı idi. La Liqada 100-cü oyunumu keçirdiyim və “Barselona” üzərində ilk qələbəmi qazandığım üçün çox şadam. Xüsusilə birinci hissədə böyük çətinliklər gözləyirdik, amma komandamın ruhu var. İnanırıq ki, biz çox şeyə qadirik. İlk məqsəd özümüzü aşağı liqaya düşməkdən qorumaqdır. İndi biz Avropada oynamaq istəyirik və mümkün olan hər şeyi etməyə çalışacağıq”.

Bu qələbədən sonra “Jirona” turnir cədvəlində 41 xalla liderdir. “Real” 39 xalla ikinci, bir oyun az keçirən “Atletiko” 34 xalla üçüncü və eyni xala sahib “Barselona” dördüncüdür.

Shares: