Pazllar bir-bir yerinə oturur, detallarda gizlənən hissələr bütövləşir, mənzərə aydınlaşır. Artıq gizli heç nə qalmayıb.
Çox maraqlı proseslər gedir. AFFA prezidenti postuna növbəti seçkilərlə bağlı aşkar təbliğat kampanyası görməsək də, iddialılar iş başındadır. Kabinetlərdə, pərdə arxasında mübarizə ən son həddə çatıb, bəzən gərginliklərin aradan qaldırılması üçün çay süfrələri açılır, ittifaqların təməli atılır və ya buna cəhd edilir.
Ötən həftə Zirədə baş tutan “zirvə görüşü”də buna nümunədir. Premyer Liqa oyunlarına getməyi özünə əziyyət bilən Rövnəq Abdullayev uzaq qəsəbə stadionuna kimi gedib çıxmışdısa, bunun səbəbi yalnız FIFA-dan gələn qonaq deyildi. Baş katib Fatma Samura sabah toqquşa biləcəkləri ehtimal olunan iddialılarla şirinçay içib könül almağa gəlmişdi.
Ölkəmizdə səfərdə olan FIFA-nın baş katibi AFFA prezidenti Rövnəq Abdullayevlə birlikdə Misli Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmasını izlədi. FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru, AFFA-nın vitse-prezidenti Elxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov da var idi.
Göstərilən səbəb birgə matç izləmək, gizlədilən niyyət Məmmədovun könlünü alıb onun Abdullayevə rəqib olmasının qarşısını almaq idi.
Samura Azərbaycana başqa tədbirə qatılmaq üçün gəlmişdi. O, digər səbəb görə Bakıda idi, lakin gəlmişkən AFFA-dakı seçkilərə təsir etmək üçün də kövrək addım atdı. Sağında gəzdirdiyi Elxan Məmmədovu yanına salmaqla bu şəxsə və onun aid olduğu komandaya dəstəyini göstərdi. Amma bu şəxsin ölkədə, xüsusilə futbol ictimaiyyəti arasında nüfuzunun ən alt səviyyəyə düşdüyünü hamı bilir. Ona görə də Məmmədovun növbəti AFFA prezidenti olmaq arzuları təxirə düşüb. İndi o, futbolda qalması üçün Abdullayevi dəstəkləməyə məcburdur. Fatma xanımın səfəri də bu məqsədə qulluq edirdi. Rövnəq bəyə dəstək, rəqiblərinin neytrallaşdırılması…
Tezliklə Samuranın müsahibəsi ilə tanış olacaqsız. O, Azərbaycanda olanda bu sözləri deməyi özünə rəva görüb: “AFFA-da prezident seçkiləri ilə bağlı şayilər yayılıb ki, Elxan Məmmədov prezidentliyə namizədliyini irəli sürəcək. Amma o, FIFA-da xoşbəxtdi və FIFA-nı tərk etməyəcək. Deyilənlər uydurmadır”.
Bu açıqlama təkcə rəqibləri sakitləşdirməyə yox, həm də Abdullayevə dəstəyə hesablanıb. O, Azərbaycandakı mühüm görüşləri zamanı – Məmmədov futbol təsərrüfatımızda söz sahibi kimi qalsın deyə – Abdullayev üçün minnətçi düşüb, onun AFFA prezidenti postuna növbəti dəfə seçilməsi arzularını dilə gətirib, FIFA-dan yardımlar vəd edib. Orxan Məmmədovla görüş isə gözlənilən “real təhlükə”nin neytrallaşdırılması üçün idi.
Elxan Məmmədov boş dayanmır. O, Samuranın Azərbaycanda ən yüksək səviyyədə qəbul edilməsinə nail ola bilməsə də, belə görüşlərlə müxtəlif variantları sınayır. Abdullayevin növbəti dəfə prezident seçilməsi ona da daha 4 il müddətinə rahat nəfəs almağa imkan verəcək. Yazda FIFA-dakı vəzifə müddəti başa çatan vitse-prezident geri qayıtmağa, məhz onun üçün dondurulan icraçı vitse-prezident vəzifəsini yenidən canlandırıb futbolda əsl söz sahibi olmağa çalışacaq. Bunun üçün hazırkı kritik məqamda əsas rəqiblərin neytrallaşdırılması, canlı qalxan olan Rövnəq bəyin postunda qalması şərtdir.
Yeni ilin ilk 3 ayı ərzində reallaşması planlaşdırılan Hesabat-Seçki Konfransında Abdullayevin yenidən seçilməsi Məmmədovun növbəti planları üçün tramplin olacaq. Bundan sonra müstəqil siyasət yürüdən, Elxan bəyin şəxsi maraqlarının qarşısına sədd çəkən, onun biznesinin davam etməsinə əngəl olan Sərxan Hacıyevin yola salınması, baş katib postuna etibarlı dost sayılan Kamran Quliyevin gətirilməsi planı işə düşəcək. Uğursuz nəticələrə görə “Neftçi”nin prezidenti postundan ayrılan “lazımlı kadr” məhz belə planlar üçün gözlədilir, Məmmədovun ölkə futboluna Parisdən nüfuz etməsi üçün Hacıyev yox, Quliyev kimi sözəbaxan kadr lazımdır.
Seçki kampaniyası başlayıb. Bunu daha çox hakimiyyətdə qalmaq üçün təbliğat gedişi saymaq olar. Amma Orxan Məmmədovun qonaqlarına verəcəyi cavab, üstəlik, futbola marağını gizlətməyən AGİN-in mövqeyi, hələlik gözə görünməyən digər maraqlı qüvvələrin planları məlum deyil. “Göyçək Fatmanın nağılı” daha xoş sonluqla bitməlidir.
VÜSAL MAHMUDOV