Son illərdə müşahidə edilən tendensiyalardan biri pullu videoplatformaların yaranmasıdır. Televiziyaların da yaşamına müdaxilə edən və onlara ciddi şəkildə problem yaradan bu platformalar böyük sərmayələr və fərqli siyasətlə bazarda hegemonluq etməyə başlayıb.
“Netflix”, “BluTV”, “AppleTV” və sair belə platformalar qazanc əldə etmənin daha yaxşı yolunu tapmaqla yaratdığı məhsullara da kifayət qədər yatırım edir. Məhz bu səbəbdəndir ki, aktyorlar bu kimi platformalardan gələn təkliflərə “yox” deyə bilmirlər. Artıq platformalar müxtəlif ölkələrdə yüksək nüfuza malik insanlar haqqında filmlər çəkmək üçün yerli rejissor və qrupların əməyindən istifadə edir.
Belə platformalar tendensiya xarakteri aldığı kimi, onların özlərinin də yaratdıqları bir tendensiya var. Son illər bu qurumlar çox böyük həvəslə idman filmləri və serialları çəkir. Bu isə idman filmlərinin populyar olmasından və yüksək reytinq yığmasından irəli gəlir. Deməli, idman insanlar tərəfindən maraqla izlənilən mövzulardan biridir. Bu isə yüksək mənfəətin olması deməkdir. Sadəcə olaraq, düzgün iş görməklə həmin qazancı götürmək lazımdır.
Belə platformaların inkişafının sürətlənməsində pandemiyanın əhəmiyyətli rolu oldu. İnsanların bir-birindən təcrid olaraq daha çox tablet və kompüterə bağlandığı müddətdən onlar məharətlə istifadə etdi. Məhz həmin dövrdə Maykl Cordan haqqında 10 seriyalı film çəkildi və dərhal da böyük populyarlıq qazandı.
Amerika bazarından kənarda da hökmranlıq etmək üçün fərqli ölkələrin əfsanələri haqqında filmlər çəkilməyə başlandı. Yerli kino sənayeləri də bu tendensiyaya qoşularaq özləri filmlər çəkməyə başladı. Nəticədə dünyanın müxtəlif ölkələrində idmanla bağlı yarıbədii, yarısənədli maraqlı filmlər peyda oldu. Bu mənada bədii janrda çəkilən filmlər daha çox diqqət cəlb etdi. Belə ki, müasir texnologiyalar sayəsində hadisələr reallığa yaxın formatda təqdim edildi.
Azərbaycan tamaşaçılarının bir hissəsi belə filmləri izləyib. Həmin filmlər haqqında danışarkən bir neçəsinin adını çəkmək məqsədəuyğundur.
“Yarış” filmində Formula 1-in ən maraqlı mövsümlərindən biri təqdim edilib. Ron Hovardın rejissoru olduğu film tamaşaçını ötən əsrin 70-ci illərinin sonlarına aparır. Filmin uğurundan ilhamlanan Ceyms Menqold 2019-cu ildə “Ford Ferrariyə qarşı” filmini çəkdi. Həmin film iki nominasiyada “Oskar” mükafatını qazandı.
Son illərdə kino sahəsində böyük sıçrayış edən qardaş Türkiyədə Naim Süleymanoğlu haqqında çəkilən filmi də “Oskar” səviyyəsində saymaq olar. Rusiya isə 1972-ci il olimpiadasının basketbol turnirindəki hadisələri “Yuxarıya hərəkət” filmində canlandırdı.
Belə olan halda ölkəmizdə də gec-tez hansısa bir filmin ərsəyə gələcəyi gözlənilən idi. Nəhayət ki, kino işçilərimiz bizi sevindirdilər. Tanınmış məşqçimiz Qurban Qurbanov haqqında film çəkildi və təqdimatı keçirildi.
Film son illərdə Azərbaycan futbolunun, bəlkə də yeganə ağ səhifələrinin əsas memarlarından birinin həyatına həsr edilib. Qurban Qurbanovun uşaqlıq illərindən indiki vaxtına qədər başına gələn hadisələrin kiçik bir hissəsi ssenariyə daxil edilib. Zaqatalada başlayan arzuların gerçəkləşməsini tamaşaçılar “Stadionlar səssiz olanda”filmində bədii formada görə bilirlər. Tanınmış məqşçimizin rolunu Səmimi Fərhad oynayır. Həm onun, həm də Qurban Qurbanovun uşaqlığını oynayan balacaya alqışlar düşür. Hər ikisi öz işinin öhdəsindən məharətlə gəlib.
Rejissoru Əli-Səttar Quliyevin olduğu filmdə bir insanın arzusuna çatmaq üçün nə qədər böyük zəhmət çəkdiyini görmək olar. Məhz həmin çətinliyi izlədikdən sonra Qurban Qurbanovun bu səviyyəyə çatma səbəblərini anlamaq mümkündür.
Əlbəttə ki, bu film ölkəmiz üçün bir ilkdir. İlk olduğuna görə də xırda qüsurları tapmaq olar. Misal üçün, qəhrəmanın uşaqlıq dövrünə aid hissələrdə geyimlərin həmin dövrə aid olmamasını qeyd etmək olar. Bu cür xırda qüsurlar gələcək filmlərdə yəqin ki, düzələcək. Belə səhvlər başqa ölkələrdə çəkilən filmlərdə də olur. İtaliya futbolunun əfsanəsi Roberto Baco haqqında çəkilən “Roberto Baco: ilahi hörük” filmini ona heç cür yaraşdırmaq olmur. Maradona haqqında Emir Kusturisanın çəkdiyi yarısənədli, yarıbədii filmini də uğursuz saymaq olar. Başqa bir qüsur filmin sonunda gedən titrlərdə uşaq səhvlərinin olmasıdır. Ümid edirik ki, çəkilən filmlərdə ən azından sıravi bir redaktor əməyindən istifadə edilərək yazıdakı səhvlər aradan qaldırılacaq.
İstənilən halda ilk addım atılıb. “Stadionlar səssiz olanda” indiyədək ölkəmizdə fərqli bir baxışla çəkilən birinci film oldu.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu