Çempionlar Liqasından Avropa Liqasına düşən ilk 6 komanda bəllidir. Dünən gecə 4 qrupda keçirilən oyunlardan sonra həmin komandaların adına aydınlıq gəlib.
Öz qruplarında 3-cü yeri tutan “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” və “Benfika” (hər ikisi Portuqaliya) avrokuboklarda mübarizəni AL-in pley-off (1/16 final) mərhələsində davam etdirəcəklər. Daha öncə “Feyenord” (Niderland) və “Yanq Boyz” (İsveçrə) vəsiqəni təmin etmişdi. Həmin mərhələyə ÇL-dən qoşulacaq sonuncu 2 iştirakçı bugünkü qrup oyunlarından sonra bilinəcək.
Qeyd edək ki, onların pley-offda rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi sabah “Hakken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq. Təmsilçimiz qələbə qazansa və ya “Molde” Almaniya səfərində uğursuz nəticə göstərsə, ağdamlılar bu hüququ qazanacaq. “Atlılar” Norveç klubundan pis nəticə göstərməməklə arzusuna çatacaq ki, belə ehtimal da çox böyükdür.
Bakıda keçiriləcək bu görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi 1/16 finala vəsiqə qazansa, bu, Azərbaycan futbol tarixində bir ilk olacaq.