2014/15 mövsümündən fasiləsiz olaraq avrokubokların qrup mərhələsində oynayan “Qarabağ” son iki ildə Konfrans Liqasının pley-offuna vəsiqə qazansa da, Avropa Liqasında hələ bunu bacarmayıb. Hərçənd, indiyə qədər buna yaxın olduğu vaxtlar olub.
Məsələn, 2014/15 mövsümündə, yəni qrupda oynadığı debüt ilində çexiyalı hakim Miroslav Zelinka Bakıda “İnter”lə oyunda Riçard Almeydanın qolunu ədalətsiz qərarı ilə ləğv edərək “Qarabağ”ın qarşısını kəsdi. 2016/17 mövsümündə “Fiorentina” evdə PAOK-a uduzmaqla Ağdam təmsilçisini pis vəziyyətdə qoydu. 2019/20 mövsümündə APOEL-lə görüşlərdə bəxtsizlik Qurban Qurbanovun komandasını pley-offdan etdi. Ötən mövsüm isə pley-offun bir addımlığında olduğumuz halda Bakıda “Olimpiakos”u məğlub edə bilməmək, Fransada “Nant”a son dəqiqə qolu ilə uduzmaq və son turda pireylilərin evdə fransızlara uduzması hər şeyi alt-üst etdi.
Bir sözlə, komandamız ən azı 4 dəfə buna yaxın olduğu məqamda tarixi şansı əldən verdi. Amma gəlin etiraf edək ki, heç vaxt indiki kimi əla mövqe əldə etməmişik. Son turda “Molde”nin Leverkuzendə “Bayer”lə qarşılaşdığı məqamda “Qarabağ”ın doğma meydanda qrupda xalı olmayan “Hakken”i qəbul etməsi göydəndüşmə hədiyyədir. Şəxsi görüşlərdə norveçlilərdən üstün olduğumuza görə, son oyunda “Bayer” “Molde”ni məğlub edəcəyi halda, “Qarabağ”a tarixi uğura imza atacaq. Yəni, belə olan halda, hətta isveçlilərə evdə uduzmaq faciə sayılmayacaq. Bəli, belə olan halda da pley-offa yüksələcəyik. Həm Bakıda, həm Leverkuzendə xal bölüşdürülməsi də bizm xeyrimizədir. Hərçənd, bu ssenarini ağlımızın ucundan da keçirmirik. Çünki hamımız təmsilçimizin “Hakken”i evdə üstələyəcəyinə inanırıq.
Doğrudur, rəqib qrupu heç olmasa, bir xalla bitirmək üçün döyüşəcək. Çünki onlar püşkdən sonra pley-offu arzuladıqları halda, münasib saydıqları qrupda hələ də xal qazana bilməyiblər. Yəni, ötənilki İsveç çempionu üçün bu, faciəvi nəticədir. Doğrudur, bu komandanın avrokubok təcrübəsi yoxdur. Amma yenə də ölkə adına belə faciəvi nəticə ilə üzləşəcəklərini gözləmirdilər.
Əslində, İsveç millisinin də Bakıda, noyabrın 16-da 0:3 hesabıyla darmadağın olunacağı gözlənilmirdi. Ancaq Lindelöf, Kuluşevski və Forsberq kimi oyunçulardan qurulan komanda Avropa çempionatına vəsiqə şansını itirdiyinə görə Bakıya motivasiyasız gəlmişdisə, “Hakkken” öz taleyi ilə çoxdan barışmışıb. Artıq lap dibə düşdüklərini anlayıb heç olmasa, saman çöpündən yapışmaq istəyəcəklər. Həm də ki, “Qarabağ” dəfələrlə həlledici məqamda son zərbəni endirə bilməyib. Rəqibin adı isə heç vaxt önəm kəsb etməyib. Belə vəziyyətlərdə “Qarabağ”a həmişə özü rəqib olub. Psixoloji problemlərə görə təmsilçimiz özü özü ilə bacarmayıb. Amma bu dəfə səhv etməyə haqqımız yoxdur. Belə məqamda, rəqibi səhvlərə yol verməyə məcbur etməliyik. Bunun üçün isə “Hakken”i yaxşı araşdırmaq lazımdır.
İsveçdə keçirilən oyundan əvvəl bu komandanı necə lazımdırsa, “MRT-dən keçirmişdik”. Diaqnoza eyni “epiqraz” yazmağın mənası yoxdur. Amma oktyabrın 5-dən sonra xalı və halı olmayan “xəstə” eyni vəziyyətdə qala bilməz axı. Ya bir az düzəliblər, ya da lap geriləyiblər.
Bu müddət ərzində avrokuboklarda inamsız təsir bağışlamasına baxmayaraq, komanda İsveç çempionatnı 3-cü sırada başa vurdu. Son 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalan komanda daxili yarışda da qeyri-sabit çıxışı ilə diqqət çəkdi. Amma İsveç çempionatındakı oyunlar rəqibə qiymət vermək üçün göstərici ola bilməz. Biz bu komandanı qrupda 2-ci turdakı oyundan sonra avrokuboklarda çıxışına görə dəyərləndirmək istərdik.
“Hakken” bu mövsüm avrokuboklarda ilk təsnifat mərhələsindən başlayaraq keçirdiyi 13 oyunun hamısında eyni – 4-3-3 sxemindən istifadə edib. “Qarabağ”la matçdan sonra İsveç klubunun baş məşqçi postundan gedəcək Per-Matias Höqmo böyük ehtimalla Bakıda da bu taktikaya sadiq qalacaq.
Maraqlıdır ki, “Hakken” avrokuboklarda eyni sxemə üstünlük versə də, Avropa Liqasının qrup mərhələsində geridə qalan 5 turun hər birində fərqli heyətlə meydana çıxıb. Buna baxmayaraq, Höqmonun 5 futbolçuya tam güvəndiyini demək mümkündür. Qapıçı Peter Abrahamsson, yarımmüdafiəçilər Samuel Qustafson və Mikkel Ryuqor, həmçinin hücum xəttinin futbolçuları Edvard Çilufya ilə Amor Layuni cari mövsümdə AL-də start “11-liy”inin dəyişilməz üzvlərinə çevriliblər.
Müdafiəyə gəlincə, 5 matçda 5 fərqli “4-lük” meydanda olsa da, burada da baş məşqçinin etibar etdiyi simalar var. Uyğun olaraq sağ və sol cinah müdafiəçiləri Simon Sandberq ilə Tomas Totlann (əsl mövqeyi sağ cinahdadır), həmçinin stopperlər Ayham Usu və Even Hovlann 4 görüşdə start heyətində yer alıblar. Başqa sözlə, “Hakken” Bakıya tam heyətlə gələrsə və eksperimentə əl atmazsa, “11-liy”in 9 üzvünü müəyyənləşdirmək mümkündür.
Höqmo AL-in qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyundan sonra “Molde” ilə ardıcıl iki matçda qapıçı, cinah müdafiəçiləri və hücum triosunu toxunulmaz saxlayıb. Dəyişikliklər yalnız müdafiənin və yarımmüdafiənin mərkəzində baş verib. Belə ki, Ağdam klubuna qarşı Usu – Hammar stopperlər tandemi oynayıbsa, “Molde” ilə ilk görüşdə Usu – Hovlann, cavab qarşılaşmasında isə Hovlann – Hammar mübarizə aparıblar. Yarımmüdafiədə “Molde”yə qarşı ikinci matçda Simon Qustafsonu Romeo Amane əvəzləyib. “Bayer”lə son oyunda isə “Qarabağ”la görüşdən fərqli olaraq, müdafiənin sağında Simon Sandberqi Ishaq Abdulrazak, mərkəzində Yohan Hammarı Even Hovlann, yarımmüdafiədə Simon Qustafsonu Romeo Amane, hücumda isə Lamin Sonkonu Srcan Hristiç əvəzləyib.
Komandanın zəif cəhətlərinə gəlincə, bu istiqamətdə yetərincə boşluqlar kəşf etmək olar. “Hakken”i çətin vəziyyətə salmaq üçün onların hücumunu öndə qarşılmaq lazımdır. Kəskin pressinqin öhdəsindən gələ bilmirlər. Bu komandanın cinah müdafiəçiləri də ümidləri doğrultmur. Xüsusən də sol cinahları yetərincə axsayır. Qapılarında gördükləri topların əksəriyyəti hədəfə çatana qədər bu marşrut vasitəsilə irəliləyir. Üstün cəhətləri isə standart vəziyyətlərdir. Mümkün qədər künc zərbələrinin sayını minimuma endirmək lazımdır. Qapımız qarşısında da hücumlarını kobudluqla almaq olmaz. Bir də elə düşünməyək ki, yaxın məsafədən paslaşa bilmirlər. Məsələn, İsveç çempionatında son turda “Brommapoykarna” ilə oyunda belə qısa ötürmələrin nəticəsində vurduqları qol bunu bacardıqlarını göstərir.
Yenə də burada bütün yük futbolçularımızın üzərinə düşür. Biz rəqibi qısa müayinə etdik, onlara son zərbəni endirmək isə “Qarabağ”ın üzvlərinin üzərinə düşür. Ümid edək ki, bu dəfə bacaracağıq!
FƏRİD