“Neftçi” və “Qarabağ” klublarının sabiq futbolçusu Georgi Adamiyanın futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” dekabrın 14-də Avropa Liqasının qrup mərhələsində “Hakken”lə tarixi oyuna çıxacaq. Sizcə, sabiq komandanız Avroliqada pley-off mərhələsinə adlayaraq Azərbaycan futbolunda daha bir ilkə imza ata biləcək?
– “Qarabağ” daha bir tarixi uğura imza atmaq üçün yaxşı şans qazanıb. Bu fürsəti qaçırmaq olmaz. Əminəm ki, Bakıda “Hakken” üzərində qələbə qazanacaqlar və Avropa Liqasında pley-off mərhələsinə adlayacaqlar. Qurban Qurbanova və komandasına bu görüşdə uğurlar arzulayıram.
– “Qarabağ” ölkə çempionatında da uğurlu çıxış edir. Ağdam klubu 16 turdan sonra 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Zirə”ni 6 xal qabaqlayır. Halbuki mövsümün əvvəlində xallar itirəndə əksəriyyət “Qarabağ”ın bu mövsüm çempionluq mübarizəsində böyük çətinliklə üzləşəcəyini ehtimal edirdi…
– İlk növbədə onu deyim ki, bu mövsüm Azərbaycan çempionatı daha maraqlı keçir. Əksər komandaların gücü bərabərləşib və bu, onlara bir-birləri ilə yaxşı rəqabət aparmağa imkan verir. Cari mövsümdə 6-7 komanda mükafatçılar sırasına düşmək uğrunda oynayır. Amma yenə də “Qarabağ” digərlərindən güclüdür, çempionluğa bir nömrəli namizəddir. Hazırda turnir cədvəlindəki mövqeyi də bunu təsdiqləyir. Bu mövsüm diqqətimi çəkən komandalardan biri “Zirə”dir. Çempionata yaxşı başlamışdılar və turnir cədvəlinə başçılıq edirdilər. Amma sonra xal itkiləri ilə üzləşdilər, nəticədə ikinci pilləyə düşdülər. Bir də “Araz-Naxçıvan”ın çıxışını vurğulamaq istəyirəm. Aşağı liqadan yüksək dəstəyə çıxan komandanın nəticə qazanması çətin olur. Buna baxmayaraq, “Araz-Naxçıvan” debüt ilindəcə yaxşı nəticələrə imza atmaqdadır.
– Digər sabiq klubunuz “Neftçi” haqda hansı fikirdəsiniz? Adrian Mutunun gəlişindən sonra komandada nə dəyişib?
– “Neftçi” haqqında təkcə onu deyə bilərəm ki, komandaya yeni məşqçi gələndə heç də həmişə dərhal nəticə vermək mümkün olmur. Düzdür, elə məşqçilər var ki, qısa zamanda nəticə verməyi bacarırlar. Ancaq elə mütəxəssislər də var ki, onlara komanda qurmaq, öz futbol fəlsəfəsini oyunçulara aşılamaq üçün uzun vaxt lazım gəlir. Mutunun “Neftçi”dəki fəaliyyəti ilə bağlı mövsümün sonunda daha doğru fikir bildirmək olar.
– Yayda Azərbaycan klubları xeyli sayda transferlər etdilər. Son transfer dövründə Azərbaycana gələn xarici futbolçulardan kimlərin oyunu diqqətinizi çəkir?
– Bir çox klublarda – “Neftçi”də, “Araz-Naxçıvan”da və digərlərində yüksək səviyyəli, yeni oyunçular görürəm. “Qarabağ”ın yayda heyətinə qatdığı Olavio Juninyo da əla transferdir. Cəlddir, texnikalıdır, meydanda fərq yaratmağı bacarır. “Qarabağ”a çox tez uyğunlaşdı və komandanın gücünə güc qatdı.
– Hazırda Azərbaycan çempionatında oynayan gürcü futbolçular haqda da fikirləriniz maraqlıdır. Onların çıxışı sizi qane edirmi?
– Aralarında elələri var ki, daim əsas heyətdə oynayırlar və özlərini yaxşı tərəfdən göstərirlər. Elələri də var ki, sonradan meydana daxil olurlar. Əsas odur ki, hər biri oynamaq imkanı qazanır. Əgər klubları tərəfindən transfer ediliblərsə, deməli, lazımlı futbolçulardır. Baş məşqçiləri onlara etimad göstərirlərsə, bu, işlərini yaxşı görə bildiklərinin göstəricisidir.
– Azərbaycan yığmasının baş məşqçisi postu hazırda vakantdır. Sizcə, millimizi yerli mütəxəssis çalışdırmalıdır, yoxsa yenə əcnəbi? Hansı bizim üçün daha faydalı olar?
– Yerli məşqçi də təyin edilə bilər. Amma mən milli komandalara xarici mütəxəssisin gətirilməsinə də qarşı deyiləm. Əgər əcnəbi olacaqsa, Azərbaycan mentalitetinə yaxın, bələd olan şəxs baş məşqçi təyin edilməlidir.
AĞA