Mübahisəli Dehli İttifaq Ərazisinin Atletika çempionatında 100 metr məsafəyə qaçışda yeganə iştirakçı dopinqdə təqsirli bilinib. Bu barədə “The Indian Express” xəbər verib.
Lalit Kumar adlı yeganə atletin dopinq nümunəsində gücü artırmaq və yağları həll etmək üçün bodibildinqdə tez-tez istifadə olunan anabolik steroid metaboliti aşkar edilib. Qeyd edək ki, idmançıdan test, yarışın keçirildiyi gün, sentyabrın 26-da götürülüb.
Lalit Kumar hər hansı maddə qəbul etdiyini inkar edir və onun nəticəsinə bilərəkdən kölgə salındığına inanır. Buna baxmayaraq, o, B nümunəsinin yoxlanılmasına da etiraz edir. Bunun isə səbəbi pulunun olmamasıdır.
Xatırladaq ki, “Cəvaharlal Nehru” stadionundakı yarış, dopinq işçilərinin peyda olmasından sonra atletlərin iştirakdan imtina etməsi ilə gündəm olmuşdu. Rəqiblərin imtinası səbəbindən 100 metr məsafəyə qaçışda yalnız bir iştirakçı çıxış etmişdi. Məlumata görə, finiş xəttini keçdikdən sonra da, Lalit Kumar dopinq əməkdaşlarından qurtulmaq üçün qaçmağa davam etmişdi.
Daha sonra stadionun tualetlərindən rekombinant insan eritropoetin inyeksiyalarının boş paketləri tapılmış, sosial şəbəkələrdə isə yerə atılan istifadə edilmiş şprislərin görüntüləri yayılmışdı.