“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov Rusiyanın “Sport Express” nəşrinə müsahibə verib.
Futbolinfo.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunu seçmə səbəbini açıqlayıb, həmçinin, burada gördüklərindən bəhs edib.
- Üç aydır Azərbaycandasınız. Yeni komandaya və ölkəyə uyğunlaşma necə gedir?
- Uyğunlaşma asandır, ölkənin mentaliteti mənə yaxındır. Qafqazda doğulub böyümüşəm, ona görə də köçəndə heç bir problem yaşamadım. Yeni oyunçular yaxşı qarşılandılar. Burada bir çox yerləri artıq gəzmişəm.
- Bakı Moskvadan nə ilə fərqlənir?
- Bakı çox gözəl şəhərdir. Mənim üçün hətta bir qədər gözlənilməz oldu. Yeni şəhəri bəyəndim, İçərişəhəri ziyarət etməyi bacardım. Bakıda hava Moskvadan fərqlidir. Rusiyanın paytaxtındakı qədər soyuq deyil. Son vaxtlar bir az soyuqdur, amma yenə də burada özümü yaxşı hiss edirəm.
- Niyə “Neftçi”ni seçdiniz?
- “Ximki” ilə müqavilə müddətim başa çatanda qarşıma məqsəd qoydum – Avropaya getməyə çalışmaq. Özümü xaricdə sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə danışdım. Gündəlik həyat baxımından Türkiyə seçimi daha yaxın idi. “Neftçi” “transfer pəncərəsi”nin son anında meydana çıxdı.
- Niyə Türkiyəyə getmədiniz?
- Bir neçə dəfə əşyalarımı yığıb, ora getməyə hazırlaşdım. Düzdür, klub rəhbərləri danışıqlar zamanı verdikləri vədləri son anda yerinə yetirmədilər. Açığı, Türkiyə klubuna keçməyi planlaşdırırdım. Bu yay mənimlə əlaqə saxladılar, zəng etdilər və dedilər ki, əşyalarımı yığım. Amma sonda Azərbaycana gəldim.
- Rusiya ilə bağlı variantları nəzərdən keçirmisiniz?
- Düşündüm, amma “Ximki”dəki çətin mövsümdən sonra yalnız sonuncu “səkkizlik”də olan klublardan təkliflər gəldi. “Ximki”dən sonra yükü boşaltmaq istədim. Yaşamaq üçün mübarizə aparmağım stresli idi. Daha sonra xarici kluba keçmək qərarına gəldim.
- Rusiya Premyer Liqasında yaşamaq üçün mübarizə aparmaqdan yorulmusunuz?
- Yorulduğumu söyləməyəcəyəm. Sadəcə, vəziyyəti dəyişmək istədim. “Ximki”də ötən mövsüm çətin keçdi. Oradakı çətinlikləri də hər kəs bilir. Azad agent statusu aldım. 30 yaşım var, indi deyilsə, nə vaxt özümü yeni ölkədə sınayacaqdım? Rusiyada qalsaydım, xarici kluba yolumu həmişəlik bağlayardım.
- Yeni ölkə seçimində din məsələsinin rolu oldu?
- Təbii ki, bu, seçimimə təsir etdi. Azərbaycan islam dövlətidir. “Neftçi”dən təklif gələndə bir az fikirləşib qəbul etdim. Tez bütün detalları razılaşdırdıq. Sentyabrda çox istəyirdim ki, müqavilə imzalayıb meydançaya çıxım. Bir ay boş oturmaq çətin idi.
- “Neftçi”dən təklif gələndə kiminlə məsləhətləşdiniz?
- Ayaz Quliyevlə danışdım. O da yayda “Sabah”a keçib. Məndə Azərbaycan çempionatında oynamaq ideyası Quliyevin bura köçməsindən sonra yarandı. Onun ölkə və çempionatla bağlı düşüncələri ilə maraqlandım. “Neftçi”yə keçməyimdə Ayazın böyük rol oynadığını deyə bilərəm.
- Azərbaycan çempionatı Rusiya liqasından nə ilə fərqlənir?
- Üç güclü komanda var idi – “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar avrokuboklarda oynayırdılar. Amma gəlib çempionatı görəndə müsbət mənada təəccübləndim. Liderlərlə rəqabət apara biləcək 5-6 komanda var. Eyni zamanda, bir mövsümdə eyni rəqiblə 4 dəfə qarşılaşmağımızda problem yoxdur. Digər üstünlük uzun uçuşların olmamasıdır. Komandaların əksəriyyəti Bakıda məskunlaşır və səfər matçlarına avtobusla çatmaq dörd saat çəkir. İnfrastruktur baxımından hər şey qaydasındadır.
- Ayaz Quliyev Azərbaycan vətəndaşlığını alıb. Sizin də bunu etmək fikriniz var?
- Belə bir fikrim heç vaxt olmayıb. Rusiya millisinə düşmək, orada bir neçə oyun keçirmək istəyirəm.
- Amma Valeri Karpin yaşı 30-dan yuxarı olan futbolçuları çağırmır…
- Mənim yaşımda olan Georgi Cikiya və Daler Kuzyaev var. Mənə zəng etmələri üçün hər şeyi edəcəyəm. Demirəm ki, oturub Karpindən zəng gözləyirəm. Ölkənin əsas komandasında oynamağa hazır olduğumu sübut edəcəyəm.
- Nə vaxtsa Moskva “Spartak”ına qayıdacağınıza inanırsınız?
- İndi “Neftçi”də futboldan həzz alıram. Başa düşürəm ki, karyeramın sonuna 4-5 il vaxt qalıb və əylənmək istəyirəm. Heç nə sizin xeyrinizə olmayanda komanda çox şey itirir, futboldan yorulursan və əylənmirsən. “Neftçi”də hər şey fərqlidir – oynayıram, məşq edirəm, ən əsası, oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan almaq istədiyim budur.