Çempionlar Liqasınn bu mövsüm üçün ən böyük sensasiyası A qrupunda baş verdi: “Bayern”dən sonra qrupdan “Kopenhagen” pley-offa yüksəldi. Bu sensasiyanın müəllifi gənc məşqçi Yakob Neestrupdur.

Danimarka çempionu bura qədər uzun yol keçib: komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb (“Breydablik”, “Sparta” və “Rakuv”u məğlub ediblər), qrupda isə əsas rəqibləri – “Mançester Yunayted” (4:3 və 0:1) və “Qalatasaray”la (2:2, 1:0) görüşlərdə 7 xal toplayıblar.

Komandanın bütün oyunçularının transfer bazarında qiyməti cəmi 66 milyon avrodur. Bu isə “Yunayted”lə müqayisə edilə bilməz. Amma buna baxmayaraq, ingilislər kənarda, “Kopenhagen” isə Avropanın ən güclü 16 komanda sırasına qatılıb.

Bu uğurda əsas personaj Neestrupdur. Danimarkalı keçən payızda “Kopenhagen”ə baş məşqçi təyin ediləndə komanda 9-cu yerdə idi. Bu qədər geridə olmalarına baxmayaraq, o, çempion olmağı bacardı.

Yakob uzun müddətdir məşqçidir: Debüt matçında aldığı zədə və avtoqəzaya görə 23 yaşında futbolçu karyerasını dayandırıb.

“Kopenhagen” tarixində ikinci dəfə Çempionlar Liqasının 1/8 finalına çıxıb – sonuncu dəfə bu hadisə 2010/11 mövsümündə baş vermişdi. Həmin mərhələdə komanda “Çelsi” ilə qarşılaşaraq (0:2, 0:0) mübarizəni dayandırmışdı. Həmin vaxt “Kopenhagen”in 22 yaşlı yetirməsi Yakob Neestrup futbolda qalmaq üçün son cəhdlərini edirdi: o, Danimarkanın dördüncü liqasından “Fremad Amager”lə 6 aylıq müqavilə bağlamışdı. Halbuki özü də “Çelsi”yə qarşı oynaya bilərdi, lakin zədələr onun karyerasını alt-üst etmişdi.

41feff72 ba1c 471e 8ea8 1b0eec374aea - Futbolinfo.az

Neestrup 2006-cı ilin sentyabrında doğma klubunda debüt etdi. Kubok oyunu olduğuna görə, gəncləri sınaqdan keçirmək üçün əla vəziyyət idi. “İki oyunçu eyni anda mənə qarşı tullandı”, – deyə Yakob xatırlayır. – “Meydanda olduğum qısa müddət ərzində beş min yerli azarkeş məni fitə basırdı. Mən də özlüyümdə “Oyuna xoş gəldiniz” deyə düşündüm”.

Nəticə: meydanda keçirilən iki dəqiqə, mürəkkəb topuq sınığı və səkkiz ay futbolsuzluq. Bütün bunlar cəmi 18 yaşında.

2007-ci ilin yayında klub Neestrupu əsas komandaya transfer etdi və onunla iki illik müqavilə bağladı. Ancaq Yakob oynaya bilmədi. Topuğundan aldığı zədə daim özünü büruzə verdi, bu  səbəbdən də o, iki il ərzində “Kopenhagen”in heyətində yalnız bir oyun keçirdi. 2009-cu ildə Norveçin “Vikinq”, 2010-cu ilin mayında isə İslandiyanın “Hafnarfjördur” komandasına keçdi.

İslandiya çempionu Çempionlar Liqasına vəsiqə qazanmışdı, lakin Neestrup BATE-yə qarşı oynaya bilmədi (1:5, 0:1) . Belə ki, bundan bir qədər əvvəl o, qəza keçirmişdi. “Boynum və çiyinlərim çox ağrıyırdı. Aylarla bu ağrını başımdan çıxara bilmədim”, – deyə Yakob xatırlayır.

Neestrup qəzadan sağaldı, lakin altı ay sonra “Hafnarfjördur”u tərk etdi. Ardınca həvəskarlarla altı ay oynadıqdan sonra 23 yaşında karyerasını sonlandırdı.

Bütün bunlar onun məşqçiliyə başlamasına zəmin yaratdı. Doğma “Kopenhagen” “School of Excellence” kursları təşkil edirdi. Həmin kursların məzunu olan Neestrup 2013-cü ildə U-17 komandasında köməkçi məşqçi kimi işə götürüldü. Bundan sonra isə karyera irəliləyişə keçdi.

2015-ci il. U-17-də baş məşqçi. 27 yaşında!

2018-ci il. Əsas komandada köməkçi.

2019-cu il. Danimarkanın birinci divizionunda çıxış edən “Viborq” komandasından baş məşqçi vəzifəsinə dəvət. İlk mövsümünü ikinci yerdə başa vuran “Viborq” bir ildən sonra elitaya yüksəldi.

Yakob isə dərhal doğma komandasına çağırıldı: Jess Torup yeni məşqçilər korpusunu yığırdı.

2546bcfc c449 48d0 9f64 496fe86abee6 - Futbolinfo.az

“Kopenhagen” 2022/23 mövsümünə çox uğursuz başladı: 10 liqa matçında 6 məğlubiyyət və 9-cu yer. Rəhbərlik Torupu uzaqlaşdırdı və gənc köməkçiyə etibar etdi.

“Neestrup bu vəzifəni “Kopenhagen”də uzun müddət xidmət etdiyinə görə deyil, bacarıq və keyfiyyətlərinə görə alıb. Yakob başqa klubda çalışsa belə, biz onu əsas namizəd hesab edərdik”, – deyə idman direktoru Peter Kristiansen təqdimat mərasimində qeyd etdi.

Neestrup komandanı düzəltdi və yazda rəqiblərinə çataraq çempion oldu, eyni zamanda Danimarka kubokunu da qazandı. Son Çempionlar Liqasında yaxşı təsir bağışlaya bilməsə də, evdə heç kimə uduzmadı. “Mançester Siti”  (0:0), “Borussiya” Dortmund (1:1) və “Sevilya” (0:0) ilə  heç-heçə qeydə alındı.

“Kopenhagen” bu mövsüm evdə qala kimidir. “Parken Arena”da “Qalatasaray” üzərində həlledici qələbədən dərhal sonra pley-offa yüksəlmək şərəfinə, hər kəsə pulsuz pivə təklif etmələri əbəs deyil. Çünki bütün məsrəflərin qarşılığı olacaq (pley-offa keçid UEFA-dan bonus olaraq 9,6 milyon avro deməkdir).

“Bayern”in baş məşqçisi Tomas Tuxelin “Kopenhagen”dən qorxduğunu etiraf etməsi əbəs deyil: “Yakob maraqlı komanda qurub: əks-hücumlarda təhlükəlidirlər, uzun ötürmələri və qısa kombinasiya oyunları vəhdət təşkil edir. Biz diqqətli olmalıyıq”.

Dünənki hadisələrdən sonra isə gələcək rəqiblər Toması dinləməlidirlər.

İLQAR AĞAYEV

Shares: