“Sabah”ın lüksemburqlu yarımmüdafiəçisi Vinsent Tilin futbolinfo.az saytına müsahibəsi

– “Səbail”lə matçda böyükhesablı qələbə qazandınız. Komanda sanki əsl gücünü göstərməyə başlayıb.

– Həqiqətən bizim üçün əla oyun oldu. Çox yaxşı çıxış etdik və lazım olan qələbəni qazandıq. Bu cür davam etmək lazımdır.

– Bundan öncə sizə mane olan nə idi? Heç düşünmüsüz?

– Biz əvvəllər də yaxşı oyunlar keçirmişik. Bəlkə də qalib gəlməli bəzi oyunlarda xallar itirmişik. Amma “Səbail”lə matçdakı kimi çıxış etsək, rəqiblərin bizi udması çətin olacaq. Onlar üçün heç də asan keçməyəcək.

– Mövsüm başlamazdan əvvəl “Sabah”ın turnir cədvəlinin yuxarısında olacağı gözlənilirdi. Amma əksi oldu. Aşağı pillədə olsanız da, 3-cü yerdə qərarlaşan “Neftçi” ilə cəmi 3 xallıq fərqiniz var. Qış fasiləsinə qədər ora yüksəlmək mümkündür?

– Buna ümid edirəm. Hər gün işləməyə davam etməliyik. Çalışmaqla daha yaxşı yerlərə gələ bilərik.

– Komandanız qış fasiləsindən tam fərqli güclə və ab-hava ilə dönəcək?

– Düşünürəm ki, komanda daha da güclənəcək. Mövsümün əvvəlində çoxlu yeni oyunçularımız gəldi. Bir-birimizin arasında əlaqə qurmaq üçün vaxt lazım idi. İndi qış fasiləsi var və bundan istifadə edə bilərik.

– Azərbaycan Premyer Liqasında ilk qolunu vurdun. Özünü necə hiss edirsən?

– Əlbəttə ki, “Sabah”da ilk qolumu vurduğum üçün çox xoşbəxtəm. Amma əsas komandanın qələbəsidir. Hamımız bunun üçün çalışırıq.

– Qol vurmağın Azərbaycana və komandaya daha yaxşı adaptasiya olmağına kömək edəcək?

– Mən özümü burada yaxşı hiss edirəm. Klub və oyunçular Azərbaycana, komandaya uyğunlaşmağım üçün hər şeyi etdi. Bakıda və “Sabah”da olmağıma sevinirəm.

– Qarşıda “Araz-Naxçıvan”la matç var. Bu qarşılaşmaya hazırsız?

– Ümid edirəm ki, gözəl oyun keçirib 3 xal qazanacağıq.

FƏRİD

Shares: