Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “City Baku” – “Record Club” oyununda “Record Club”un futbolçusu Emil İsrəfilov rəqib oyunçunu bilərəkdən əli ilə vurduğuna görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasının “Ağstafa Gəncləri” – “Qarxun” FK oyununda “Qarxun”un köməkçi məşqçisi Akif Rəhimov qarşılaşmanın 8-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasının “Zirə” PFK – “Sabah” FK oyununda “Zirə”nin futbolçusu Kamal Qasımlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zirə”nin baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

U-11 Liqasında keçirilməli olan “Gəncəvi” (Gəncə) – “Qoşqar” (Gəncə) oyunu “Qoşqar”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Qoşqar” komandasında bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə sözügedən komanda yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında keçirilməli olan “Binə” FK – “Zəngəzur” FK oyunu “Zəngəzur”un heyətində yetərsay olmadığı üçün baş tutmadığına və “Zəngəzur”da bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Xətai” FK – “Zirə” PFK oyunu “Xətai”nin təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına və “Xətai”də bu hal cari mövsümdə 3-cü dəfə təkrar olunduğuna görə sözügedən komanda yarışlardan kənarlaşdırılıb.

U-13 Liqasında iştirak edən “Baku Sporting” komandasının heyətində yer alan N9 futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sporting” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sporting” (1:5), III tur “Baku Sporting” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sporting” (2:4), V tur “Baku Sporting” – ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sporting” (2:1), VII tur “Baku Sporting” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sporting” (2:2), IX tur “Baku Sporting” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sporting” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilib. Sənədlərin saxtalaşdırılmasında iştirak etmiş “Baku Sporting” klubunun məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Futzal üzrə Yüksək Liqada keçirilməli olan “Baku Fire” – “Record” oyunu “Baku Fire” komandası əsasnamə ilə tələb olunan vaxt ərzində oyun protokolunu təqdim etmədiyinə, lakin “Baku Fire” komandası vaxtında oyuna gəldiyinə görə matç yenidən keçirilsin. Oyunun keçirilməsi Azərbaycan Futzal Federasiyasına həvalə edilsin.

Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda “Şəmkir” komandası Əsasnamə qaydalarını pozaraq protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş 6 nömrəli futbolçu Aysel Ziyadovanı oyuna daxil etdiyinə görə “Şəmkir” klubuna texniki məğlubiyyət verilib. Matçın hesabı olduğu kimi saxlanılıb.

U-17 Qızlar Liqasının “Sumqayıt” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

Shares: