“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərədə ikinci baharını yaşayır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının sabiq qolkiperinin performansı onu diqqət mərkəzinə gətirib.

Yay fasiləsində “Everton”dan Çempionşip təmsilçisi “Kuinz Park Reyncers”ə ikinci qapıçı kimi keçən 36 yaşlı Beqoviç qısa müddətdə “çərçivə”ni ələ keçirib və komandanın liderinə çevrilib. Təsadüfi deyil ki, o, meydana çıxdığı 20 oyunda 30 qol buraxıb. Beqoviç bunlardan 5-də qapısının toxunulmazlığını qoruya bilib.

Ulduz futbolçu ümumilikdə 63 seyvlə diqqət çəkib. Bu isə orta hesabla hər matça 3,2 seyv deməkdir. Onun bu çıxışı artıq Premyer Liqa klublarının da diqqətini çəkib. Yaşı çox olmasına baxmayaraq, qış fasiləsində və ya mövsümün sonunda yenidən elita təmsilçilərindən birində çıxış etməsi gözlənilir.

Qeyd edək ki, Asmir Beqoviç 2019-2020 mövsümünün ilk dövrəsini “Qarabağ”da keçirib.

Shares: