“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadjinin Fransada işləri yolunda getmir.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 2 təmsilçisi “Sent-Etyenn”in formasını geyinən seneqallı hücumçu bu mövsüm zədələrdən canını qurtara bilmir. Bu səbəbdəndir ki, 28 yaşlı forvard cari mövsüm cəmi 3 oyunda meydana çıxa bilib. Kollektivə qayıdan kimi yenidən zədələnən Vadjinin bu dəfə yanvarın ortalarına qədər yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
“Qarabağ”dan transfer edildiyi 2022-ci ilin yayından bəri ümidləri tam doğrultmayan qolçunun durumu klub rəhbərliyini də narahat edir. Bu üzdən onlar forvardla vidalaşmağın yollarını axtarırlar. Hətta Vadji özü də “Sent-Etyenn”dəki durumundan məmnun deyil. “Qarabağ”dan ayrılmasına peşman olan hücumçu komandasını dəyişmək fikrinə düşüb.
Qeyd edək ki, İbrahima Vadjinin “Sent-Etyenn”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.