“Kəpəz”in təcrübəli müdafiəçisi Vurğun Hüseynovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XVI turunda “Qəbələ” üzərində böyükhesablı qələbə qazandınız. Çempionatda qalmaq uğrunda mübarizə apardığınız əsas rəqibinizə səfərdə bu hesabla qalib gəlmək gözlənilməz olmadı?
– Qəbələ səfəri həmişə bütün komandalar üçün çətin sayılıb. Bizim üçün də ağır olacağı əvvəlcədən bəlli idi. Buna baxmayaraq, oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdə hesabı açdıq. Bu da yekunda qələbə qazanmağımıza gətirib çıxartdı. Amma qalibiyyətin əsas səbəbi həmin gün bizim daha istəkli olmağımız idi. Meydana daha istəkli çıxmağımız 3 xal qazanmağımıza səbəb oldu.
– Necə düşünürsünüz, “Qəbələ” ikinci hissənin əvvəlində sayca azlıqda qalmasaydı, qələbə hesabını qoruya biləcəkdiniz?
– Qırmızı vərəqə olmasaydı, hesabdakı üstünlüyümüzü qoruya bilməyəcəyimizi düşünmürəm. Həmin ana qədər də üstün oynayan bizim komanda idi. Sadəcə, rəqib azlıqda qaldıqdan sonra daha rahat oynadıq. Bunun nəticəsi olaraq, 3 top fərqi ilə qalib gəldik.
– Adil Şükürovun gəlişindən sonra komanda daha inamlı görünür. Bunu qeydə alınan nəticələr də təsdiqləyir. Onun rəhbərliyi altında keçirdiyiniz 4 oyundan ikisində qələbə qazanıb, birində heç-heçə etmisiniz. Şükürovun gəlişindən sonra nə baş verdi ki, “Kəpəz” daha inamlı oynamağa başladı?
– Təbii ki, hansısa komandada məşqçi dəyişirsə, fərq olur. Amma həm Azər Məmmədov, həm də Adil Şükürov yaxşı məşqçi və insanlardır.
– XVII turda sizi sabiq komandanız “Sumqayıt”la oyun gözləyir. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Hər oyuna necə hazırlaşırıqsa, bu matça da o qaydada hazırlaşırıq. Evdə oynayacağıq, buna görə də qələbə qazanmağa çalışacağıq. Amma çox çətin görüş olacaq. Çünki rəqib öz dəst-xətti olan komandadır.
– “Kəpəz”də əsas heyətdə yer almamağınız nə ilə bağlıdır? Özünüzü ilk “11-lik”də oynamağa tam hazır sayırsınız?
– Yüz faiz hazır deyiləm. Açığı, bunun da səbəbi oynamamağımdır. Çünki futbolçu oynadıqca yüz faiz hazır olur. Məşqlər oyunu əvəz edə bilməz. Bu gün kim hazırdırsa, o da meydana çıxır.
– “Sumqayıt”ın ardınca “Neftçi” ilə qarşılaşacaqsınız və bundan sonra çempionatda qış fasiləsi yaranacaq. Bu iki matçda ümumilikdə neçə xal qazanacağınıza inanırsınız?
– İndiki məqamda ancaq “Sumqayıt”la görüşü düşünürük. Çünki birinci onlarla qarşılaşacağıq. Buna görə də əsas “Sumqayıt”la oyuna köklənmişik. İnşallah, bu matçı qələbə ilə başa vuraq, ondan sonra “Neftçi” barəsində düşünərik.
– “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?
– İstəyimiz odur ki, “Kəpəz” liqada qalsın. İnşallah, azarkeşlərimizlə, bizi sevənlərlə bir yerdə buna nail olacağıq.
FƏRİD