Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə yekun vuruldu. Gələn il mübarizəni pley-offda davam etdirəcək 16 komanda məlumdur. Bu komandaların rəqibləri sabah bilinəcək.

Ümumi nəzər yetirdikdə, İngiltərə klublarının uğursuzluğunu görmək olar. 4 komandadan ikisi növbəti mərhələyə adlaya bilməyib. Ən acınacaqlısı isə onların qrupda sonuncu olaraq avrokuboklarla vidalaşmasıdır. Bu, Çempionlar Liqasında ilk belə haldır. “Mançester Yunayted” püşkdən əvvəl pley-offa əsas favorit sayıldığı halda, “Nyukasl” haqda bunu söyləmək olmazdı. Belə ki, şeyxlərin komandası daha çətin qrupda yer almışdı. MY-nın isə “Kopenhagen” və “Qalatasaray”ı geridə qoyması çətin görünmürdü. Amma nəticələr əksini göstərdi. “Nyukasl” daha güclü futbol nümayiş etdirərək ÇL-dən alnıaçıq uzaqlaşır. “Mançester Yunayted” isə bir oyunçusunun qiymətindən də az olan komandadan geri qalır.

82020524 b00b 4517 960a fa5da5c6e766 - Futbolinfo.az

Çempionlar Liqasının qrup mərhələsinin sensasiyası “Kopenhagen”dir. Danimarkalılar təkcə MY-nı deyil, ulduzları heyətinə məhz avrokuboklar üçün toplamış “Qalatasaray”a da futbol dərsi keçdi. Qrup matçlarına nəzər yetirdikdə , Türkiyə komandasının məhz elə komanda oyununun çatışmazlığını görmək olar. Daha çox hücuma və cəsarətli oyuna üstünlük verən istanbullular bu mənada, heç olmasa, “Mançester Yunayted”dən daha maraqlı komanda idi. İngiltərə təmsilçisində isə nə hücum görünürdü, nə də ağıllı və balanslı oyun. Bu mənada “Kopenhagen” hər iki rəqibinə futbolun necə oynandığını nümayiş etdirdi.

Digər qruplara baxdıqda, PSJ-nin sürünə-sürünə pley-offa çıxması diqqəti çəkir. Milyardlarla pulların xərcləndiyi layihə uzun illərdir ki, özünü doğrultmur. Bu il siyasəti dəyişdirdiklərini elan edən rəhbərlik , bununla azarkeşlərin gözünü bağlamağa çalışır. Qətər şeyxlərinin Avopa futbolundakı fəaliyyəti qonşu BƏƏ və Səudiyyə Ərəbistanından geri qalır. Bunu “Mançester Siti” və “Nyukasl”ın timsalında görmək mümkündür. “Sağsağanlar” kiçik müddət ərzində Avropa nəhənglərinin arasında layiqli mübarizə nümayiş etdirdilər. Qrupda son yeri tutmalarına baxmayaraq, “Nyukasl”ın uzun fasilədən sonra debütünü uğurlu saymaq olar.

Qruplardakı turnir cədvəllərinə nəzər yetirdikdə, daha bir diqqətçəkən məqam 4 ispan komandasının 1-ci olmasıdır. Digər qrup liderlərinin ikisi Almaniyadan, ikisi də İngiltərədəndir. Bu 3 ölkə liderliyə digər ölkələri buraxmayb. Nəticədə İtaliyanın 3, Portuqaliya, Danimarka, Niderland, Fransa və Almaniyanın bir  komandası ikinci yerlə kifayətlənməli olub. Hazırda ilk yeri tutan komandaların azarkeşləri ikinci olanlar arasında münasib rəqiblər axtarışındadır.

Sabah keçiriləcək püşkatma mərasimində 1/8 final mərhələsinin cütlükləri məlum olacaq. Görünən odur ki, PSJ və “İnter” ikinci yeri tutan komandalar arasında ən arzuolunmazlarıdır. Amma “Portu” və “Leypsiq”i də yaddan çıxarmaq olmaz. Əks tərəfdən baxdıqda, “Barselona” zəif görünür. Fikrimcə, katalonların hazırkı oyun səviyyəsi ikinci yeri tutan komandalardan üstün deyil.

f3ba6c31 c3fd 4765 bb10 42cda51c8ba9 - Futbolinfo.az

3-cü yeri tutan komandalar azərbaycanlı azarkeşlər üçün maraq doğurur. Belə ki, bu gün “Qarabağ”ın ikinci yeri tutaraq oradan rəqib gözləyəcəyinə ümid edirik. İlk növbədə hər kəsin arzu edəcəyi komanda “Qalatasaray”dır. Yoldaşlıq oyunları bir tərəfə, amma belə görüşlər komandalarımızın gücünü üzə çıxarır. Bu mənada “Milan”ın da maraq doğuracaq rəqib olduğunu söyləyə bilərik. Digərləri arasında keçiləsi rəqib kimi “Yanq Boyz” və “Braqa”nın adını çəkmək olar.

İLQAR AĞAYEV

Shares: