AFFA uşaq liqalarının təşkili ilə bağlı böyük çətinlklə üzləşib. Qurum azyaşlıları bir yerə yığıb çempionat oyunlarını reallaşdıra bilmir.
Əvvəllər “Neftçi”nin keçmiş bazası kimi tanınan idman qurğusunun meydançalarında yarışı təşkil etmək mümkün olurdusa, təmirdən sonra burada qazanc üzərində dava gedir. İcarə pulunu bölüşə bilməyən iki nazirliyin çəkişməsi AFFA-ya da mane olur. Təmir müddətində müxtəlif stadionlarda əziyyət çəkən komandaları indi yenidən bir yerə yığmaq olmur.
Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi”nin təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.
Bir müddət təmirə dayanan qurğu noyabrda yenidən istifadəyə verildi, rəsmi açılış mərasimi oldu. Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib. Lakin indi ondan istifadə etmək mümkün deyil.
Problem ondadır ki, idman qurğusunu rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev təmir etdirib. Lakin qurğunun mövcud olduğu 2,2 hektarlıq ərazi Gənclər və İdman Nazirliynə məxsusdur. Elə problem də bununla bağlıdır – hər iki nazirlik yaxşı pul gətirən stadionun icarəsinə özü yiyəlik etmək istəyir. Tərəflər pulu bölüşə bilmir.
Maraqlıdır ki, təmir zamanı bu məsələ yada düşmür, qurğu hazır olandan sonra AGİN ortaya çıxır. Bu, təkcə sözügedən Təlim-Məşq Mərkəzi ilə bağlı deyil. Nazir Fərid Qayıbov bir sıra qurğularla bağlı eyni mövqeni sərgiləyib. AFFA-nın Tərtərdə tikdirmək istədiyi stadionda işlər isə bu səbəbdən dayandırılmışdı. Nazirlik özü iş görmədi, assosiasiyaya da imkan vermədi.
Nəbiyev cüdo mərkəzində özü üçün də komfort yaradıb. İstirahət otağı, xüsusi giriş və s. Bəlkə də Qayıbov narazı salan həm də bu məqamlardır. Dövlət büdcəsi hesabına təmir edilən qurğunun istismarı düzgün təşkil edilsə, oradan pul da qazanmaq olar. Rəşad bəyin buna ehtiyacı olmasa da, AGİN səmərəli fəaliyyət tələb edir.
İstənilən halda, “bölüşə bilməmək problemi” hazırda uşaq futbol komandalarının əzyyət çəkməsi ilə nəticələnir. Kim bilir, bəlkə digər idman növləri ilə də bağlı eyni vəziyyətdir?
FƏRİD