“Karyeram ərzində harada oynamışamsa, ən azı 3 il orada qalmışam və uğurlu olmaq üçün çalışmışam. Bu kluba gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım. “Neftçi” ilə böyük nailiyyətlər əldə etmək istəyirəm”.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi qarşılaşmalarda çox vərəqə almasına toxunub: “Bu, normal deyil. Vərəqə sayı çoxdur. Burada hakimlərlə danışdığım üçün daha çox cəzalanıram. Əvvəl çıxış etdiyim liqalarda belə deyildi. Artıq özümü daha təmkinli aparmağa çalışıram”.

Braziliyalı oyunçu Azərbaycan Premyer Liqasında hər komandanın digərindən xal ala bildiyini də sözlərinə əlavə edib:

“Müdafiəçi olaraq öz işimi görməyə çalışıram. Qol imkanım olanda da yararlanıram. Komanda yoldaşlarıma bu yöndə məsləhət verə bilmərəm”.

Müdafiəçi Premyer Liqada çempionluq şansları barədə danışıb: “Hazırda “Qarabağ”la xal fərqi çoxdur. Biz də bunu dərk edirik. “Neftçi” üçüncü pillədə olmağa layiq deyil. Azarkeşlərin narazılığını normal qarşılayıram. Komandanın heyəti yenidən qurulub. Bu, asan proses deyil. Bilirik ki, bundan da yaxşı nəticələr qazana və fanatları sevindirə bilərik”.

Yuri Matias “Qarabağ”ın Bakıda İsveçin “Hakken” komandasına qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunu barədə də fikirlərini bölüşüb. O, bu matçın ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

“Qarabağ”ın bu gün qələbə qazanmasını istəyirəm. “Qarabağ” yaxşı heyətə malik güclü komadadır”.

Matias “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunu barədə də danışıb: “Həm klub, həm də azarkeşlər üçün əhəmiyyətli matç olacağını bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir. Rəqibimiz güclüdür. Amma biz də “Neftçi”yik. Heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm”. (Report)

Qeyd edək ki, dekabrın 18-də reallaşacaq “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp