“Qarabağ” klubunun sabiq hücumçusu Samir Musayevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” bu gün İsveçin “Hakken” klubu ilə vacib oyuna çıxacaq. Sizcə, komandamız Avropa Liqasında pley-offa yüksələrək tarixi nəticəyə imza ata biləcək?

– İlk öncə komandamıza uğurlar arzu edirəm. İnşallah, tarixi uğur bizim tərəfdə olacaq. Hamı kimi, mən də “Qarabağ”ın qalib gələcəyinə inanıram. Düzdür, çətin olacaq, asan oyun gözləmirəm. Bununla belə, matçdan uğurlu nəticə ilə ayrılacağımızı düşünürəm. Çünki “Qarabağ”ın bunu reallaşdıra biləcək gücü var.

– “Hakken” qrupda keçirdiyi 5 oyunun hamısında uduzub. Bu, rəqibin bugünkü matçda daha istəkli olmasına, “Qarabağ”a problem yaratmasına yol aça bilərmi?

– Futbolda hər şey ola bilər. Belə oyunlarda futbolçular çox diqqətli olmalıdırlar. Ani diqqətsizlik komandaya baha başa gələ bilər. Rəqibin xalsız qalmasına aldanmaq olmaz. Əlbəttə, “Hakken”in istəkli olması işimizi çətinləşdirə bilər. Buna görə də maksimum dərəcədə diqqətli davranmalıyıq.

– “Qarabağ” meydana Kevin Medinasız çıxacaq. Onun yoxluğu işimizi çətinləşdirməyəcək?

– Medina komandanın əsas futbolçusudur. Amma mən onu əvəz edəcək oyunçuya da güvənirəm. Hücumda işimizi yaxşı görsək, düşən imkanlardan istifadə etsək, Medinanın yoxluğu heç yada düşməyəcək.

– Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, “Qarabağ” bu gün məğlubiyyətlə də pley-offa çıxa bilər. Sizcə, komandamız digər görüşün nəticəsini nəzarətdə saxlayaraq ehtiyatlı oynamalıdır, yoxsa o biri oyunu unudub sırf qələbə üçün meydana çıxmalıdır?

– Öncə öz oyunumuzu düşünməli və qələbə qazanmalıyıq. Digər matçın nəticəsi bizi maraqlandırmır. Biz qalib gələrək tarixi nəticə qazanmalıyıq. Digər görüşün nəticəsinə görə tarix yazmaq bizlik deyil. İnşallah, bu gün qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik.

– “Qarabağ”ın heyətində bu gün kimdən qol gözləyirsiniz?

– Bu gün hamıdan qol gözləyirəm. Kim olur-olsun, əlinə düşən qol imkanından maksimum istifadə etməlidir. Qapıçı gəlsin, qol vursun, yetər ki, qalib gələk. Bu gün ölkəmizin, futbolumuzun tarix yazmaq günüdür. Nə gözəl ki, bu fürsət “Qarabağ” ailəsinə, Qurban hocaya nəsib olub.

– “Qarabağ” qrupdan çıxacağı halda, “Qalatasaray”, “Lans”, “Braqa”, “Benfika”, “Feyenoord”, “Yanq Boyz”, “Milan” və “Şaxtyor”dan biri ilə qarşılaşacaq. Potensial rəqiblərdən kimin Ağdam klubuna rəqib olmasını istərdiniz?

– Qrupdan çıxandan sonra kim gəlir-gəlsin, fərq etmir. İstənilən rəqibə qarşı hazırlaşmağa, həmin oyunlaradək transfer etməyə zaman olacaq.

– “Qarabağ”ın qışda zədəli Kevin Medinanın yerinə stopper transfer edəcəyi gözlənilir. Sizcə, başqa hansı mövqelərə yeni futbolçu cəlb edilsə, komandanın xeyrinə olar?

– Qurban Qurbanov və köməkçiləri hansı mövqeyə futbolçu lazım olduğunu yaxşı bilir. Əgər stopper lazımdırsa, bilirəm ki, məşqçilər ən yaxşısını transfer edəcəklər. Hələ ki, işimiz qrupdan çıxmaqdır. Bayaq dediyiniz rəqiblərin qarşısına indiki “Qarabağ”dan da güclü komanda çıxacaq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp