Əslində, “Qarabağ” hədəfinə Norveçdə çatmışdı. “Mölde” ilə oyunun son dəqiqəsində vurulan bərabərlik qolu bu rəqibi şəxsi oyunlarda üstələməyə imkan vermişdi.

Möcüzə üçün “Mölde”nin Almaniyada “Bayer”ə uduzmaması və “Qarabağ”ın aşkar autsayder “Hakken”ə evdə məğlub olması lazım idi. Ya da leverkuzenlilərin məğlubiyyəti və ağdamlıların qələbə qazanmaması təmsilçimizi Avropa Liqasının pley-offundan kənar qoya bilərdi.

Amma “Qarabağ” 44-cü saniyədə hesabı açaraq hər hansı sürprizə imkan verməyəcəyini göstərdi. Üstəlik, “Bayer” də erkən qol vurub iki oyunda sensasiyaya ümid edənlərin arzusunun üstündən xətt çəkdi. Almaniyada hesav arasında fərq böyüyəndə daha da rahatlaşdıq. Amma “Qarabağ” rahatlaşmadı, fasiləyədək daha bir dəfə fərqləndi. İkinci hissədə Marko Veşoviçin qırmızı vərəqə alması qanımızı qaraltsa da, ağdamlılar həm də reytinq xalı və əlavə maliyyə gətirən qələbə hesabını qoruya bild. Son dəqiqələrdə Bədavi Hüseynovun qapıları səhv salması isə hətta kiçik həyəcana da səbəb olmadı.

“Qarabağ” daha br missiyanın öhdəsindən məharətlə gəldi. İndi ilk dəfə vəsiqə qazandığımız AL pley-offunda Çempionlar Liqasından gələn komandalardan birini gözləyəcəyik. Daha da irəli getmək çətin olacaq, lakin ümid etməyə dəyər. Fevralda nələrin olacağı bəlli deyil, amma qotə nəhənglərndən birini Bakıda görmək şansı var. Növbəti sürprizin reallaşması da istisna deyil.

Mövsümün əvvəlində xeyli əsas oyunçusunu itirən “Qarabağ” bu müddətdə yenidən formalaşdı. Yeni oyunçular heyətə uyğunlaşdı, heyətdəki çatışmazlıqlar rotasiyalarla unutduruldu və tam fərqli bir kollektiv yarandı. İndiki “Qarabağ” sələflərindən zəif deyil və Qurban Qurbanovun əziyyətinn, səbrinin məhsuludur. Komanda qışda ediləcək transferlərlə daha da güclənəcək və daha gənc heyət növbəti illərin uğurunun təminatçısı olacaq.

Hələliksə “Qarabağ” avrokubokda tam yeni bir eranın təməlini qoyub. Ağdamlılar illər keçdikcə özü öz hədəflərini böyüdür. Təəssüf ki, ümumi ölkə futbolu bu templə ayaqlaşa bilmir. Avrokubokda təkbaşına qazanılan reytinq də formalaşa, böyüyə bilməyən klublarımızın işinə yaramır. “Qarabağ” tənqidə açıq klubdur, lakin kaş eyni şeyləri digərlərinə qarşı da edə, onların inkişafına nail ola bilsək.

FƏRİD

Shares: