II Liqa komandası “Şahdağ Qusar”da çıxış edən 30 yaşlı hücumçu Tural Qurbatovun futbolinfo.az saytına müsahibəsi

– 14-cü turda “Kürmük”ü 6:1 hesabı ilə məğlub etdiyiniz oyunda 5 qol vurdunuz və hazırda 21 qolla bombardirlər yarışına başçılıq edirsiniz. Hansı hissləri keçirirsiniz?

– Bir oyunda 5 qol vurmaq asan məsələ deyil. Penta-trik etməyim və bombardirlər yarışında birinci yerdə olmağım sevindirici haldır. “Kürmük”ün, xüsusən də, ikinci hissədə müdafiəsində boşluqlar oldu, mən də bundan lazımınca yararlandım. Demək olar ki, əlimə düşən hər imkanı qolla yekunlaşdırdım.

– Qış fasiləsinə 30 xalla turnir cədvəlinin ikinci pilləsində yollandınız. Nəticələrdən razısınız?

– Birinci dövrə üçün yaxşı nəticədir. Sadəcə olaraq, komanda yeni yığıldığı zaman bəzi matçlarda xallar itirdik. Əsasən də rayon komandaları ilə görüşlərdə büdrədik. Məsələn, “Ağdaş” və “Kür-Araz”la oyunlarda xallar itirdik. Məncə, həmin qarşılaşmalarda qələbə qazansaydıq, birinci dövrəni lider kimi də tamamlaya bilərdik. Dövrənin sonlarına yaxın daha yaxşı oturuşmuş kollektiv kimi oynadıq. Ən az qol buraxan və ən çox qol vuran komanda bizik. Məncə, bu oyunla birinci yerə layiq idik. Sadəcə, bəzi görüşlərdə zədəlilərimiz çox oldu. Rayonlardakı matçlarda isə adi səhvlər xal itirməyimizə səbəb oldu. Yenə də birinci dövrə üçün pis nəticə deyil. Yəqin ki, qış fasiləsində heyətimiz bir qədər də güclənəcək. Qarşımıza çempionluq hədəfi qoyulub. Buna da nail olacağımıza inanırıq.

– II Liqa bu mövsümdən yaradılıb. Əksəriyyət buradakı vəziyyətin ürəkaçan olmayacağını proqnozlaşdırırdı. Liqanın səviyyəsi necədir?

– Hamı düşünürdü ki, II Liqa həvəskar səviyyədə olacaq. Ancaq oyunlara baxsanız, bu fikirlə razılaşmazsınız. Şəxsən mənə bu liqada oynamaq daha maraqlı idi. Buna görə seçimimi “Şahdağ Qusar”ın xeyrinə etdim. Bölgə komandaları ilə səfərdə qarşılaşanda gözəl atmosfer görürük. Məncə, II Liqa I Liqadan daha yaxşıdır. İstər azarkeş marağı, istər atmosfer, istərsə də oyun baxımından belə hesab edirəm.

– 14 turdan sonra akvinizə 21 qol yazdırmısınız. Bu çempionatda qol vurmaq belə asandır?

– Bombardirlərin yarışına başçılıq etməyim məni sevindirir. İnanıram ki, bunun ardı gələcək və mövsümün sonunda da mövqeyimdə qalacağam. Deməzdim ki, II Liqada qol vurmaq asandır. Sadəcə, oturuşmuş komandaya sahibik. Ən çox qol vuran klubuq. Düzdür, zəif çıxış edən, tam formalaşmamış rəqiblər var. Ancaq bu o demək deyil ki, görüşlərdə fərqlənmək asandır.

– Məlum məsələdir ki, II Liqada maaşlar o qədər də yüksək deyil. Dolanışığınızı necə qarşılayırsınız?

– II Liqa barədə necə fikir formalaşdığını bilmirəm. Bircə onu deyə bilərəm ki, bu çempionat I Liqadan heç də geri qalmır. Rəhbərliyimiz komandamıza çox yaxşı baxır. II Liqada çıxış etdiyimizi bizə hiss etdirmirlər. Maaşımız da pis deyil. Doğrudur, oyundan-oyuna pul alanlar, başqa sahələrdə işləyənlər var. Bunlar da həll edilməlidir. Bəlkə də maliyyəni ön plana çıxarıb kimlərsə bu liqanı pisləyir. Tək-tük komandalarda maliyyə problemi var.

– Vaxtilə Premyer Liqada çıxış etmiş biri üçün II Liqada oynamaq geriyə atılmış addım deyil?

– Əlbəttə ki, istənilən futbolçunun Premyer Liqadan aşağı liqaya keçməsi eniş sayılır. “Şahdağ Qusar”ın hədəfi gələn mövsüm I Liqada, ondan sonra Premyer Liqada oynamaqdır. Mən də burada özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Şəxsən Premyer Liqada oynayana qədər “Şahdağ Qusar”da qalmaq istərdim.

– Premyer Liqadan söz düşmüşkən, cari mövsümdəki mübarizə barədə nə deyə bilərsiniz?

– Fikrimcə, çempionatda “Qarabağ”a başağrı olacaq rəqib yoxdur. Yəqin ki, bu mövsüm də onlar çempion olacaqlar. Ancaq liqada mübarizənin belə olmasını istərdim. Məsələn, “Qarabağ” kimi 4-5 komanda liqada yer alsa, daha gərgin oyunlar alınar. Əvvəllər “Bakı”, “Xəzər Lənkəran” kimi klublar var idi, kimin çempion olacağını proqnozlaşdırmaq çətin idi. İndi Premyer Liqanın səviyyəsi bir az düşüb. Ümid edirəm ki, yenidən əvvəlki gücü bərpa edərlər. “Qarabağ” da Avropa Liqasında yeni tarix yazaraq, pley-offa yüksəldi. Komandaya orada da uğurlar arzulayıram.

AĞA

Shares: