“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hakken”i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.
Müdafiəçi oyunun çətin keçdiyini deyib: “Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Bunun davamını gətirmək üçün çalışacağıq”.
O, pley-offda arzuladığı rəqibi də qeyd edib: “Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır, amma kimin gələcəyi fərq etməz. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.
Qeyd edək ki, 10 xalla qrupu 2-ci pillədə başa vuran “Qarabağ” 1/16 finalda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə), “Milan” (İtaliya) və ya “Şaxtyor”a (Ukrayna) rəqib olacaq. Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.