“Qarabağ”ın futbolçusu Juninyo Olavio UEFA Avropa Liqasının qrup mərhələsində qapıya ən çox zərbə vuranlar sırasındadır. Braziliyalı hücumçu komandanın yer aldığı H qrupundakı matçlarda ümumilikdə 15 dəfə qol axtarışında olub.

Bu göstərici ilə o, cəmi 6 futbolçudan geri qalıb və 7-ci yeri bölüşdürüb. Juninyonun zərbələrindən 6-sı “çərçivə”yə ünvanlanıbsa, 6-da dəqiqlik çatmayıb. Digər 3 zərbəyə isə rəqib müdafiəçilər blok qoyublar. Bu göstəricidə lider Yunanıstanın “Panatinaikos” klubunun oyunçusu Fotis Yoannidisdir (21).

Juninyo həmçinin ən çox oyundankənar vəziyyətə düşənlərdən biridir. 27 yaşlı forvard qrup matçlarında 4 dəfə ofsaydda “yaxalanıb”. O, bu göstəricidə də 7-ci pilləni bölüşdürür.

Braziliyalı həm də ən çox kobudluğa məruz qalanlar sırasındadır. “Sambaçı” 13 dəfə kobudluqla dayandırılıb. Juninyo bu baxımdan 6-cı yerdə qərarlaşıb.

“Qarabağ”ın digər braziliyalı futbolçusu Julio Romao isə sarı vərəqə sayında liderlər qrupundadır. O, qrup matçlarında 3 dəfə baş hakimi sarı vərəqə çıxarmağa vadar edib. Romao yalnız passivində 4 “sarı” olan Moldova “Şerif”inin üzvü Qabi Kikidən geri qalır.

Shares: