Ronaldo və bir qrup investor Belarus studiyasının “UFL footsim” proqramına 40 milyon dollar sərmayə qoyub.

“Bu layihənin bir hissəsi olduğum üçün çox şadam, çünki UFL futbol oyunlarının yeni növü olması üçün potensialı var”, – deyə Ronaldo qeyd edib.

Portuqaliyalı futbolçu oyuna 40 milyon dollar sərmayə qoyan investorlar qrupuna daxil olub. İnvestisiyadan əlavə, Ronaldo həm də UFL-in səfiri kimi fəaliyyət göstərəcək və oyunu təbliğ edəcək. Ondan əvvəl Kevin de Bruyne, Romelu Lukaku, Roberto Firminyo və Aleksandr Zinçenko da oyunun səfirləri elan edilmişdilər.

Futbol simulyatorunun hazırlanması ilə Belarusun “Strikerz” studiyası məşğul olur. Yanvar ayında müəlliflər layihənin tanıtımını nümayiş etdiriblər, sentyabrdan isə beta testə start verilib.

“Ronaldonun bizə investor kimi qoşulması irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və bu bizim futbol azarkeşləri üçün maraqlı oyun yaratmaq istəyimizi artırır.

UFL innovasiya, texnologiya və əyləncəyə sadiqdir. Oyun sənayesində hər şeyi fərqli etmək üçün əhəmiyyətli potensial görürük. Kriştiano ambisiyalarımızı bölüşür. Biz zəngin oyun təcrübəsini tərəqqqi və ədalətli yanaşma ilə birləşdirərək futbol oyun bazarında boşluğu doldurmaq niyyətindəyik. Belə bir oyunu ərsəyə gətirmək üçün, gələcək investorlarla əlaqə saxlamağa davam etməklə bərabər,  onunla birlikdə işləməkdən məmnunuq”, – deyə “Striketz”in baş direktoru Yevgeni Naşilov bildirib.

UFL-in dəqiq buraxılış tarixi məlum deyil. Oyun PS 5 və Xbox Series X|S-də buraxılacaq. Tərtibatçıların fikrincə, oyunda qələbə yalnız futbolçunun ustalığından asılı olacaq.

Shares: