2023-cü il, dekabrın 14-ü Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Artıq tarixi nəticələrə imza atmağa vərdiş edən “Qarabağ” yenə bizi sevindirdi, öz parlaq uğuru ilə futbolumuzda yeni səhifə açdı.

Əslində, dünənki zəfəri 9 il öncə – Avropa Liqasının 2014/15 mövsümündə yaşamalıydıq. Ancaq İtaliya “İnter”i oyunda təmiz qolumuzu çexiyalı referi Miroslav Zelinka haqsızlıq edərək, əlimizdən almış və qitənin ikinci mötəbər klub turnirində pley-offa adlamağımıza imkan verməmişdi. Bəlkə də Qurban Qurbanovun dediyi kimi, bu, ziyanımızdan çox, xeyrimizə oldu.

Həmin hadisədən sonra “Qarabağ” beynəlxalq arenada bir çox uğurlara imza atdı, Çempionlar Liqasının qrupuna düşdü, ardıcıl 10-cu dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı, Konfrans Liqasının pley-offunda oynadı. Amma məhz Avropa Liqasında qrupdan çıxmaq illərdir bizə müəssər olmurdu. Bir neçə dəfə buna yaxın olsaq da, son anda alınmırdı…

Bu dəfə bacaracağımıza şübhə yeri qalmamışdı. Çünki “Qarabağ”ın qrupdakı əsas rəqibi “Mölde”nin son turda səfərdə qarşısıalınmaz “Bayer”ə uduzacağı gözlənilən idi. Bu halda isə “Qarabağ” evdə “Hekken”ə uduzsa belə, Avroliqanın pley-offuna çıxacaqdı. Ancaq hər kəs – Qurban Qurbanov və futbolçular, klub rəhbərliyi və azarkeşlər qeydə alınacaq tarixi zəfəri qələbə ilə daha da taclandırmaq istəyirdi. Üstəlik, qalibiyyət reytinq xalları və maddi qazanc baxımından da Ağdam klubunu qabağa salacaqdı.

Matçdan öncə heyətlə bağlı tək sıxıntımız Kevin Medinanın yoxluğu idi. “Qarabağ”ın müdafiə xəttinin dirəyi bugünlərdə əməliyyat olunduğu üçün “Hakken”lə matçı buraxmaq məcburiyyətində qalmışdı. Onun yoxluğunda şans qazanan Bədavi Hüseynov komandanı kapitan sarğısında meydana çıxarmışdı.

“Qarabağ”ın oyuna istəkli və sürətli başlayacağına əmin idik. Ancaq buna ehtiyac qalmadı. 1 dəqiqə tamam olmamış rəqibin qapıçısı ötürmə verərkən səhvə yol verdi və topu ələ keçirən Leandro Andrade sol ayağı ilə ağıllı zərbə vuraraq, toru silkələdi. Qolun 44-cü saniyədə vurulması simvolik, rəmzi məna daşıdı. Müzəffər Ordumuz İkinci Qarabağ müharibəsindəki zəfərini 44 gündə tamamlamışdısa, “Qarabağ” 44-cü saniyədə zəfərin təməlini qoydu.

Erkən qol planları dəyişdi. “Qarabağ” rahat oynamağa, əvəzində qrupu xalsız başa vurmaq istəməyən qonaqlar daha böyük qüvvə ilə hücuma atılmağa başladılar. Ancaq fasiləyədək “Hakken”in hücumları “çərçivə”yə getməyən zərbələrlə tamamlandığı üçün Andrey Lunyovu iş başında görə bilmədik. İlk hissənin 1:0 hesabı ilə nəticələnəcəyini düşündüyümüz vaxtda, əlavə olunmuş sonuncu dəqiqədə “Qarabağ” ikinci qolu vurdu. Benzia cərimə meydançası daxilində topu sağa çəkərək, uzaq küncə dəqiq zərbə endirdi. İlk hissə yaxşı başladığı kimi, yaxşı da bitdi.

Fasiləyədək “Bayer” də öz işini görmüş, “Mölde”nin qapısından 3 cavabsız top keçirmişdi. Yəni, “Qarabağ”ın qrupdan çıxdığı artıq gün kimi aydın idi. Sadəcə, bunun rəsmiləşməsi üçün ikinci 45 dəqiqənin bitməsi lazım idi.

Fasilədən sonra oyunun məcrası dəyişdi. İkinci hissəni “Hakken”in aktivinə yazmaq olar. Artıq 49-cu dəqiqədə Lunyov da oyuna qoşulmaq məcburiyyətində qaldı. O, Çilufya ilə üzbəüz qaldığı epizodda qolu ilə qola imkan vermədi. Yeri gəlmişkən, bu, isveçlilərin qapı istiqamətinə gedən ilk zərbəsi idi. Düzdür, cəmi 1 dəqiqə sonra “Qarabağ” cavab hücumunda az qala 3-cü qolu vuracaqdı. Amma Zubir özü yaratdığı epizodu məntiqi sonluğa çatdıra bilmədi.

54-cü dəqiqədə Marko Veşoviçin qırmızı vərəqə alması bizi təşvişə salmasa da, Bakıdan xalla qayıtmaq istəyən qonaqları ümidləndirdi. Sayca azlıqda qaldıqdan sonra “Qarabağ” daha çox müdafiəyə fikir verməyə və əks-hücumlara bel bağlamağa başladı. Belə əks-hücumların birində Mateus Silva əla kombinasiyanın yekununda fərqi artıra bilmədi.

Son 15-20 dəqiqədə “Hakken” təzyiqi artırdı. Ancaq təcrübəli Lunyovun qurtarışları, epizodların birində Marko Yankoviçin topu boş qapıdan çıxarması İsveç klubunun arzusunu ürəyində qoyurdu. Düzdür, “Hakken” ardıcıl hücumlarının bəhrəsini 90+4-cü dəqiqədə görə bildi. Bədavi Hüseynov topu başla uzaqlaşdırmaq istəyərkən tərs toxunuşla onu öz qapısından keçirdi. Ancaq qonaqların bundan artığına gücü çatmadı və “Qarabağ”ın həm öz, həm də futbolumuz tarixində ilk dəfə Avropa Liqasının qrupundan çıxması vacib qələbə ilə daha da gözəlləşdi.

İndi çempionumuzu Çempionlar Liqasından gələn 8 komanda – “Qalatasaray”, “Lans”, “Braqa”, “Benfika”, “Feyenoord”, “Yanq Boyz”, “Milan” və “Şaxtyor”dan biri ilə tarixi oyunlar gözləyir. Təbii ki, aralarında ən zəifinin bizə rəqib olmasını istərdik. Ancaq dərin yanaşsaq, rəqibin kimliyi ildən-ilə inkişaf edən “Qarabağ” üçün fərq etməyəcək. Çünki Qurban Qurbanovun komandası Avropada da sayılıb-seçilən, hörmət edilən komandadır. Pley-offdakı nəticədən asılı olmayaraq, “Qarabağ”a, qələbənin memarı və futbolumuzun sərkərdəsi Qurban Qurbanova alqış düşür.

FƏRİD

Shares: