“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, futbol mütəxəssisi Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla növbəti dəfə tarix yazdı. Bu uğurla bağlı fikirlərinizi bilmək istərdik…
– “Qarabağ”ı təbrik edirəm. Azərbaycan futbolunda daha bir ilkə imza atdılar. “Qarabağ” artıq neçənci dəfədir ki, tarixi nailiyyətlə bizi sevindirir.
– “Hakken”lə matça erkən qolla başladıq, ilk hissənin sonunda isə ikinci qolu vurduq. Ancaq fasilədən sonra Marko Veşoviçin qırmızı vərəqə alması daha rahat qələbə qazanmağımızı bir qədər əngəllədi…
– Gözəl oyun oldu. İlk dəqiqədə hesabı açmağımız lap yerinə düşdü. Qırmızı vərəqəyə qədər üstünlük tam olaraq “Qarabağ”da idi. Qurban Qurbanovun komandası oyuna nəzarəti əlində saxlayırdı. Amma ikinci hissədə biz azlıqda qaldıqdan sonra üstünlük “Hakken”ə keçdi. Əsas odur ki, qələbə hesabını sonadək qoruya bildik və qrupdan çıxdıq.
– Dünənki matçda “Qarabağ”ın heyətində ən çox kimlərin oyununu bəyəndiniz?
– Veşoviçi bəyəndim. Qırmızı vərəqə alanadək yaxşı oynadı. Çox fəal idi. Əfsuslar olsun ki, sona qədər meydanda qala bilmədi. Ona qırmızı vərəqənin göstərilməsi haqlı qərar idi. Ani diqqətsizlik etdi, nəticədə rəqib futbolçuya qarşı kobud oynadı. Amma bilərəkdən kobudluq etmədi, adi oyun epizodu idi. Marko ilə yanaşı, Olavio Juninyo, Yassin Benzia və Elvin Cəfərquliyev də yaxşı oynadı. Əslində, “Qarabağ” dünən komanda şəklində inamlı təsir bağışladı. Buna görə də meydanda olan hər bir futbolçuya “sağ ol” düşür.
– Zədəyə görə oyunu buraxan Kevin Medinanın yoxluğu hiss olundu?
– Medina indiyədək Azərbaycana gələn mərkəz müdafiəçiləri arasında “1 nömrə”dir. Onun kimi ikinci müdafiəçi hələ Azərbaycana gəlməyib. “Qarabağ”ın digər oyunçuları inciməsinlər, komandanın müdafiə xəttinin dirəyi Medinadır. Onun əvəzinə meydana Bədavi Hüseynov çıxmışdı. Bədavinin avtoqolu boş şeydir, nəticəyə təsir etmədi. Medinanın yoxluğunu unutdurmaq üçün var gücü ilə çalışdı. Ancaq Kevin başqa səviyyədir.
– “Bayer” – “Mölde” matçının gedişində qonaqlar hesabda önə keçsəydilər, “Qarabağ”ın üzərində təzyiq yaranardı?
– Heç bir təzyiq olmayacaqdı. “Qarabağ” bu görüşdə mütləq qalib gələcəkdi. Çünki komandamız “Hakken”dən hərtərəfli üstündür, daha yaxşı oyun göstərir. Boş yerə “Qarabağ”ı “Qafqazın “Barselona”sı” adlandırmırlar. Qurban Qurbanov və köməkçilərinin futbolçu seçimi, seleksiya qabiliyyəti əladır. “Qarabağ”ın hədəfi Avroliqada qrupdan çıxmaq idi, hədəfə də çatdılar. Bizimlə müqayisədə “Hakken”in qrupda 1 xalı da yox idi. Onlar ilk xallarını qazanmaq istəyirdilər. Elə bunun özü aradakı səviyyə fərqindən xəbər verir.
– Pley-offa yüksələn “Qarabağ”ın rəqibi bu komandalardan biri olacaq: “Qalatasaray”, “Lans”, “Braqa”, “Benfika”, “Feyenoord”, “Yanq Boyz”, “Milan” və “Şaxtyor”. Püşkün kimi çempionumuza rəqib etməsini istərdiniz?
– Fərq etmir. Qurban müəllim də “Hakken”lə oyundan sonra bu fikri səsləndirib. Adını çəkdiyiniz komandaların hamısı güclüdür, özü də Çempionlar Liqasından gəliblər. “Qarabağ”ın o sıraya düşməsi bizim üçün fəxrdir.
ABBAS