Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun tərkibi çoxdan bəlli idi. Futbolinfo.az bir neçə gün öncədən 5 nəfərin siyahısını təqdim etmişdi.

Amma bu gün AFFA qrupun tərkibini rəsmən açıqlayarkən bəlli oldu ki, adı dünən tapşırıqla siyahıya saldırılan biri də var. AGİN rəhbərliyi qurumun olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynovun İşçi Qrupda təmsil olunmasını tələb edib və istəyinə nail olub.

Hüseynov qurumda nazir Fərid Qayıbovun sözünü deyəcək. Bu isə millinin baş məşqçi postu uğrunda mübarizdə daha bir maraqlı tərəfin əlinin güclənməsi deməkdir.

Beləliklə, İşçi Qrupa vitse-prezident Elşad Nəsirov rəhbərlik edəcək. Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Fikrət Hüseynov üzv təyin ediliblər.

Qrupun tərkibinin müəyyənləşməsindən görünür ki, bizi qarşıda maraqlı mübarizə gözləyir. Amma bu, futbolun inkişafı naminə aparılan mübarizə deyill. Şəxsi maraqlar, klan davaları – təəssüf ki, futbolda ən yaxşı halda adlar dəyişəcək. Niyyət, məqsəd olduğu kimi qalacaq.

Shares: