Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefasının astanasındayıq.
Futbolinfo.az saytının məlumatına görə, “Kəpəz”dən sonra bu dəyişikliyə hazırlaşan ikinci komanda “Qəbələ”dir. Bu gün səhhəti üzündən “Səbail”ə 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına qatılmayan Elmar Baxşıyev tezliklə yola salınacaq.
“Qırmızı-qaralar”ın cari mövsümdəki nəticələrinin biabırçı olması əvvəllər rəhbərlik tərəfindən dəstəklənən Elmar Baxşıyevin postunun laxlamasına səbəb olub. Nəzərə alaq ki, “Qəbələ”nin baş meneceri Nail Kərimov hələ mövsümün əvvəlindən bu dəyişikliyə can atır. Baş menecerlə baş məşqçi arasında yaranan soyuq münasibət təbii olaraq komandanın çıxışına da təsirsiz ötüşmür.
Kərimov yeni baş məşqçinin kimliyini də müəyyənləşdirib. O, U-19 komandasının baş məşqçisi Famil Xəlilovu əsas heyətin çalışdırıcısı vəzifəsində olmasını arzulayır. Hətta onun bir köməkçisi də məlumdur. Bu dəyişiklik reallaşarsa, Azər Haşımovun köməkçi-məşqçi təyin olunması nəzərdən keçiriləcək.
Qeyd edək ki, Baxşıyev 2020-ci ildən “Qəbələ”yə rəhbərlik edir. Komanda hazırda 11 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşıb.