“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Səbail”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Elmar Baxşıyev narahat olduğu üçün mətbuat konfransında mən iştirak edirəm. Komanda oyuna ruhsuz çıxmışdı. Futbolçuları motivasiya etməyə nə qədər çalışsaq da, alınmadı. Buna görə də oyunumuz alınmadı və məğlub olduq. İstəyirik ki, komanda ilə təmasda olaq, problemləri öyrənək, görək futbolçuların məqsədləri nədir. Onlarla danışırıq, deyirlər ki, heç bir problem yoxdur, biz də çalışırıq ki, oyunumuzu göstərək. Amma alınmır. “Sabah”la oyuna hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək. Komanda aşağı pillələrdə gedir deyə oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil. Bir-biriləri ilə sanki küskün kimidirlər. Nəsə olan kimi dərhal ya hakimə, ya rəqibə reaksiya verirlər. Buna görə onları cəzalandırırıq. Gələcəkdə də belə hallar olsa, yenə cəza verəcəyik. Çalışacağıq ki, problemləri həll edək”.