“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox əsəbi oyun idi. 4 matçdır qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun idi. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Bunu çıxarmaq lazım idi. Düşünürəm ki, bu gün komanda rahat oynadı. Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Düzgün istiqamət tutmuşuq. Bunu davam etdirmək lazımdır. Qışda bir az da güclənməliyik. “Qəbələ”yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər. Qəbələdə futbol adına hər şey var. “Bakı” və “Qəbələ” akademiyasının hesabına bu gün yerli futbolçular bütün Premyer Liqa klublarını doldurublar. “Qəbələ”nin durumu təəccüblüdür. İnanmıram ki, bu komanda Premyer Liqanı tərk etsin. Bu düşüş bizdə də olur. Məncə, tez bir zamanda bu durandan çıxacaqlar. “Qəbələ” futbol oynaya bilən komandadır. Oyundan əvvəl desəydilər ki, 3:0 udacaqsız, deyərdim ki, yəqin sənin problemin var. “Qəbələ” olmasa, o meydançalar,o uşaqlar kimə qalacaq? Bunu da düşünmək lazımdır. “Qəbələ”nin yox olması Azərbaycan futboluna böyük zərbə olacaq.

Yayda oynadığımız heyətdən bu gün meydanda 7 nəfər yox idi. Kiçik bir komanda üçün bu, çox çətindir. Belə məqamlarda rotasiya etməlisən. Hüseynəli də bu məqama hazır olmalıdır. Bu gün Səlahət Ağayev Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçılarındandır. Bu gün belə qərar verdik. İtkilərimiz çox idi. Hüseynəli mənim inandığım qapıçıdır. Oyundan-oyuna dəyişikliklər olacaq.

Mövsümün əvvəlində demişdim ki, yerimizə baxıb hərəkət edəcəyik. Hazırda normal yerdəyik. Avrokuboklardan çox uzaq deyilik. Buna görə də risk etmək lazım olacaq. Qışda 3 futbolçu transfer etməyə çalışacağıq. Zədəlilərimiz də qayıdacaq. Çoxluq yaratmaq istəmirik. Transfer çalışmalarımız çoxdan başlayıb.

Ayaz Mikayılov çox yaxşı futbolçudur. Onun valideynləri avtomobil qəzasında həlak olublar, tək uşaqdır. Əvəzedici komandada Ayazı izləyirəm. Onun arxasında “Səbail” var, şəxsən mən varam. Ayazın futbolçu olması üçün çox çalışacam. Bu gün onun əsas heyətin üzvü olmasını demək düzgün olmaz. Cavanlara şans verməliyik. Kubok matçında əvəzedici heyətdən daha 4 oyunçu gətirəcəyik.

İtkilərlə “Sumqayıt”a qarşı oynamaq çox çətin olacaq. Taktiki cəhətdən ağıllı oynamalıyıq. İstək, motivasiya ön planda olacaq. Çalışırıq ki, bayrama xoş əhval-ruhiyyə ilə gedək”.

Shares: