Sabah “Qarabağ” qalib gəlsə, əsas izləyicisi ilə xal fərqi 9-a yüksələcək. Bu, 2 dövrə üçün həddindən artıq böyük fərqdir. Nəzərə alaq ki, mövsümün yarılanacağı gün ağdamlılar əsas izləyicisi “Zirə”ni yenməklə ümumiyyətlə, əlçatmaz ola bilər.
Bütün bunlar “Qarabağ”ın başının qarışıq olduğu, qüvvəsini bölməyə məcbur qaldığı, avrokubokda tarix yazdığı bir vaxtda reallaşır. İndi təsəvvür edin ki, ağdamlılar bütün diqqətini Premyer Liqaya yönəltsəydi, nələr olardı?
Kimsə çempionatın səviyyəsinin artdığı ilə bağlı nağıl danışmasın. Sadəcə, digər komandaların qüvvələr nisbəri arasında fərq yoxdur. Legoner limitinin artması ilə hamı heyətini gücləndirib və qüvvələr bərabərləşib. Turnir cədvəli “Qarabağ” – ortabablar – autsayderlər şəklində bölünüb. “Turan Tovuz” dünən “Zirə”ni yenməklə turnir cədvəlinin orta sıralarını bir az da sıxlaşdırdı.
11-ci turda “Kəpəz” üzərində 4:0 hesablı qələbədən sonra “Turan Tovuz” 3 xala həsrət qalmışdı. Komanda yaxşı oynayır, amma ən yaxşı halda heç-heçə edə bilirdi. Və bu, qərbliləri üst pillələrdən uzaqlaşıb autsayderlərə yaxın olmağa məhkum etmişdi. Evdə daha bir yenilgi həm də psixoloji təzyiq yaratmışdı.
Sindromu qırmaq üçün gözəl oyundan imtina edən “Turan Tovuz” “Zirə” ilə taktiki döyüş aparmalı oldu. Rəqiblərinə real fürsətlər verməyən qonaqları məğlub etmək üçün müdafiədə inamlı oynayıb əks-hücumlardan istifadə etmək lazım idi. “Zirə” isə həmişəki oyun üslubuna sadiq qalmışdı. Amma Rəşad Sadıqov mərkəz müdafiəçilərinin sayını artırmaqla hücumda effektiv olan qərbliləri dayandırmağı, imkan olanda azsaylı fürsətlərdən yararlanmağı düşünürdü.
Bir az da cansıxıcı alınan matçda hər iki tərəfin ilk düşüncəsi top buraxmamaq idi. Yalnız bir sanballı hücum kiməsə qələbə gətirəcədi. Bu fürsəti “Turan Tovuz” qazandı və bir az da bəxt sayəsində qələbə qolunu vurdu. Əvvəlki oyunlarda yüzfaizli epizodları boşa verən Abbasovun yetirmələri Fərid Nəbiyevin inanılmaz traektoriya ilə gedən zərbəsi sayəsində hesabı açdı. Bu, “Zirə”nin oyun ərzində rəqibə boşluq verdiyi azsaylı imkanlardan biri idi.
Qalan dəqiqələrdə hücuma atılan qonaqlar ən azı bir xalı qopartmaq üçün çox səy göstərdi. Amma tovuzlular inamla müdafiə olunub həftələrdir gözlədyi qələbəni qazandı. “Zirə” isə ardıcıl 4-cü qələbəsiz oyun sayəsində həm liderdən xeyli geri düşdü, həm də izləyicilərinə yaxınlaşmaq imkanı yaratdı. Mövsümün ikinci yarısında avrokuboklara vəsiqə uğrunda mübarizə daha gərgin alınacaq.
Hazırda “Zirə” iki komandanı bir qələbə qədər də yaxına buraxıb, dünən uduzduğu “Turan Tovuz” isə cəmi 10 xal geridədir. Komandaların əksəriyyətinin bərabər güclü olduğunu nəzərə alsaq, qışdan sonra yerdəyşmələri daha tez-tez görəcəyik.
ABBAS