16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.

Qadınlarda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) Kubokun qalibi adını qazanıblar.

Kişilərdə isə Dəniz Cabbarlı (55 kq), Elşən Məmmədov (61 kq), Tehran Məmmədov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Nurlan Məmmədzadə (89 kq), Yaşar Qurbanov (96 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (+109 kq) qalib adını qazanıb.

Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında Kubokun ən yaxşıları müəyyənləşib.

Belə ki, Azərbaycan Kubokunun ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonu yığma komandası olub. 2-ci ən yaxşı komanda Lənkəran, 3-cü ən yaxşı isə Qobustan təmsilçiləri olub.

Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında ağırlıqqaldırma idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyən olunması olub.

Shares: