“Turan Tovuz” klubunun müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XVII turunda “Zirə” ilə qarşılaşdınız və güclü rəqib üzərində vacib qələbə (1:0) qazandınız. Matçla bağlı nə deyə bilərsiniz?

– Oyunun ağır keçəcəyini bilirdik. Onlar meydana bəlkə də bizdən daha rahat çıxmışdılar. Çünki biz məğlub olacağımız halda, turnir cədvəlindəki mövqeyimiz daha da çətinləşəcəkdi, son pillələrdə olan komandalar bir qədər də yaxınlaşa bilərdilər. Üstəlik, uduzsaydıq, 5-6-cı yerlərdə olan komandalardan aralaşacaqdıq. Matçın əhəmiyyətini dərk edirdik. Oyuna ciddi hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Bilirdik ki, səhvlər buraxsaq, “Zirə” bizi cəzalandıra bilər. Düzgün oynadıq və sonda qələbə qazandıq.

– İki gün sonra bu dəfə ölkə kubokunda “Zirə” ilə üz-üzə gələcəksiz. Kubok matçında şansları necə dəyərləndirirsiniz? Mərhələ adlayan komanda hansı olacaq?

– Kubok oyunu 1 matçdan ibarətdir. Buna görə də çempionat görüşündən daha çətin keçəcək. Hər iki komanda mərhələ adlamaq istəyir. Bizi yenə ağır oyun gözləyir. Çalışacağıq ki, bu dəfə də rəqibin boş cəhətlərini tapaq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirərək, yaxşı nəticə qazanmaq və mərhələ adlamaq istəyirik.

– Qısa müddətdə eyni komanda ilə oynamağın nə kimi çətinlikləri var?

– Əlbəttə ki, qısa müddət ərzində eyni komanda ilə oynamaq çətindir. Bəlkə də bezdirici və darıxdırıcı ola bilər. Amma futbol bizim sənətimiz, peşəmizdir. Rəqibin kimliyinin fərqi yoxdur. Əsas odur ki, rəqibi düzgün analiz edib, yaxşı nəticə qazanaq.

– 2023-cü ilə Tovuzda “Araz-Naxçıvan”la çempionat oyunu ilə yekun vuracaqsınız. İli qələbə ilə bitirə biləcəksiniz?

– “Zirə” ilə çempionat matçında qələbə qazandıq. Bunun ardını gətirmək istəyirik. Öncə kubok oyununu fikirləşirik. İnşallah, bu görüşdə də yaxşı nəticə qazanaraq çempionat görüşünə hazırlaşacağıq. Bu dəqiqə bizim üçün “Zirə” ilə kubok matçı ən vacibdir. Bundan sonra bütün diqqətimizi ilin son oyununa – “Araz-Naxçıvan”la qarşılaşmaya yönəldəcəyik. Əlbəttə, ilin son matçında da yaxşı nəticə qazanmaq, Tovuzda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. İlk “4-lük”, “5-lik”dən aralı düşməməliyik. Çempionatın ikinci yarısına çıxanda oynamaq üçün motivasiyamız olmalıdır.

– “Turan Tovuz” bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkir. Bunun səbəbini nədə görürsünüz?

– Düzdür, qələbələrimiz də olur, məğlubiyyətlərimiz də, heç-heçələrimiz də. Elə oyunlar olur ki, yaxşı oynadığımız, qələbə qazanmağa layiq olduğumuz halda məğlubiyyətlə üzləşirik. Belə məqamlarda adam çox pis olur. Fərdi səhvlərimizdən qollar buraxırıq, bu da nəticəyə təsir edir. Bir də zədəli oyunçularımız həddindən artıq çox olur. Sabit heyətlə oynaya bilmirik. Hər dəfə bir oyunçumuz adi vəziyyətdə zədələnir, sonra iki tur buraxır. Bundan çox əziyyət çəkmişik. İnşallah, daha heç bir futbolçumuzda zədə olmaz. Qarşıdakı matçlarda da yaxşı nəticə qazanaraq, sabitliyi yaxalamaq və yuxarı pillələrə qalxmaq istəyirik.

– Cari mövsümdə öz çıxışınız haqda hansı fikirdəsiniz? Oyununuzdan tam razısınız?

– Baş məşqçimiz futbolçuların çempionatın əvvəlində və indi hansı formada olması ilə bağlı tez-tez bizimlə danışır. Həmişə deyir ki, artıra, bundan da yaxşı oynaya bilərsiniz. Amma futbolda zədələr qaçılmazdır. Forma yığırsan, pik nöqtəyə çatırsan, bəzən bu məqamda zədələnirsən və zədə səni geri salır. Yenidən o formanı bərpa etmək həqiqətən çətin olur. Amma çalışırıq ki, hər məşqdə, hər oyunda artıraq. Bizim maksimumuz bu deyil, daha yaxşı oynamaq olar. Bu, özümə də aiddir. Deməzdim ki, mənim tam formam budur. Bundan da artığını etməliyəm və edə də bilərəm.

FƏRİD

Shares: