Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Amma bu raundda baş tutacaq oyunlardan birinin yeri hələ də bəlli deyil.

Əslində, “Qarabağ”ın MOİK-lə Xankəndidə qarşılaşacağı bəllidir. Amma Peşəkar Futbol Liqası bunu rəsmən elan etməyib. Mərhələnin digər oyunlarının stadionları açıqlansa da, bu qarşılaşmanın məkanı ilə bağlı məlumat verilmir. Bu səbəbdən səfərə çıxacaq azarkeşlər də qeyri-müəyyənlikdən narahatdır.

Məlum qəza üzündən PFL-dən açıqlama almaq olmur. Amma hətta onlarla danışmaq imkanı olsa da, çətin ki, dəqiq cavab versinlər. Futbola müdaxilə etməyə çalışan AGİN bu məsələdə təşkilatçılığa boynuna götürüb, hər şeyi onlar nizamlayır. Və qarşılaşmaya iki gün qalarkən hələ heç nəyi tam dəqiqləşdirə bilməyiblər. PFL də onlardan cavab gözləyir.

PFL rəsmilərinin qəzaya düşməsindən sonra oyunun Bakıya köçürülməsi barədə şaiyələr yayılıb. Lakin çətin ki, belə olsun. Çünki bu, geriyə addım atmaq sayılar və yaxşı qarşılanmaz. Xankəndi mütləq bu oyuna ev sahibliyi etməlidir.

Maraqlıdır ki, hətta Bakı Metropoliteni də bu matça görə iş qrafikində dəyşiklik edib, amma AGİN sanki sürpriz hazırlayır. Belə durum nazirliyin digər qurumlarla koordinasiyalı işləməməsinin sübutudur. Hamının bildiyini gizlətməklə əlavə narahatlıq yaratmağa nə gərək var?

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp